00:00:00
Yazar
Admin User
29.08.2025 16:50 215 3 dəq oxuma
İqtisadiyyat

Neft qiymətlərində 5 dollarlıq azalmanın Azərbaycan üçün nəticəsi

Neft qiymətlərində 5 dollarlıq azalmanın Azərbaycan üçün nəticəsi

Dünyanın ən böyük istehlakçısı olan ABŞ-də tələbin azalacağı gözləntiləri fonunda neft qiymətləri ucuzlaşıb. “Brent” markalı neftin fyuçersləri 53 sent və ya 0.8% ucuzlaşaraq 68.09 dollara enib.

“WTI” markalı xam neftin fyuçersləri isə 48 sent və ya 0.7% azalaraq 67.50 dollara düşüb. 

 

Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ gündəlik təxminən 18-20 milyon barel neft istehlak edir:

 

“Bu, qlobal tələbin 20%-dən çoxuna bərabərdir. Belə böyük istehlakçının bazarda tələbi zəiflədəcəyi gözləntisi belə, investorların psixologiyasına dərhal təsir edir. Məsələn, son enişdə “Brent” neftinin qiyməti cəmi bir gün ərzində 0.8% (53 sent) azalıb və 68.09 dollar/barel-ə düşüb. Bu, bazarda həssaslığın göstəricisidir və tələb proqnozlarının nə qədər sürətlə qiymətlərə yansıdığını göstərir. Qiymətlərin bu səviyyəyə enməsi qlobal enerji bazarında tələbin artmaqda olmasına baxmayaraq, artım tempinin zəifləməsi və bazarda alternativ enerji mənbələrinin sürətlə yayılması kimi tendensiyaların göstəricisidir. Belə ki, neftə olan ümumi tələb 2023-cü ildə gündəlik 102 milyon barel, 2024-cü ildə 104,46 milyon, 2025-ci ildə isə 106,3 milyon barel olub, lakin artım tempi ilbəil azalır. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə bərpa olunan enerji mənbələrinin dünya üzrə enerji istehsalındakı payı 30%-i keçib. Bu, neftin strateji rolunun tədricən zəiflədiyini və qiymətlərin yüksək səviyyədə uzunmüddətli sabit qalmasının çətinləşdiyini göstərir”.

 

Ekspert qeyd edib ki, Azərbaycanın gündəlik neft ixracı təxminən 0,5–0,6 milyon barel təşkil edir:

 

“Bu neft qiymətlərindəki hər 1–5 dollarlıq dəyişiklik ölkənin fiskal gəlirlərinə birbaşa təsir göstərir. Məsələn, qiymətlərin orta hesabla 5 dollar/barel aşağı düşməsi gündəlik 2,5–3 milyon dollar, illik isə 900 milyon – 1 milyard dollar arasında gəlir itkisinə səbəb olur. Hazırda “Brent”və “WTI” markalı neftin fyuçersləri 68 dollar civarında olsa da, “Azeri Light” markalı neftin bir barelinin qiyməti dəyişməyərək 88,56 dollar səviyyəsindədir. Bu fərq Azərbaycanın büdcə proqnozlarında nəzərdə tutulan orta qiymət (təxminən 70–75 dollar) ilə müqayisədə əlavə gəlir imkanları yaradır və büdcə balansını müəyyən qədər qoruyur. Buna baxmayaraq, neftin qiymətlərindəki eniş fiskal riskləri artırır, çünki dövlət büdcəsinin neft gəlirlərinə yüksək asılılığı Neft Fondundan transfertlərə olan tələbi gücləndirir. Bu isə qısa müddətdə fiskal sabitliyi qorumağı çətinləşdirir və maliyyə resurslarının səmərəli bölgüsünü tələb edir. Belə bir vəziyyət həm büdcə xərclərinin planlaşdırılmasında çevikliyi, həm də strateji ehtiyatların idarə edilməsini aktuallaşdırır.Nəticədə, Azərbaycanın enerji gəlirlərindən asılılığını azaltmaq və fiskal dayanıqlığı təmin etmək üçün qiymət dalğalanmalarına qarşı proaktiv strategiyalar hazırlamaq zərurəti daha qabarıq görünür.Neft qiymətlərinin 70 dollardan aşağı enməsi enerji idxal edən ölkələr üçün müsbət nəticə verir. Avropa İttifaqı ölkələri illik təxminən 10 milyon barel/gün neft idxal edir. Qiymətlərin hər 1 dollar ucuzlaşması Avropa iqtisadiyyatına ildə 3.5 milyard dollardan çox qənaət deməkdir. ABŞ, Çin, Hindistan kimi iri istehlakçılar da inflyasiyanın azalmasından faydalanır. Əksinə, enerji ixrac edən ölkələr – Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı kimi dövlətlərdə büdcə gəlirlərinin azalması siyasi sabitlik risklərini artırır. Tarixi təcrübə göstərir ki, 2020-cı ildə neft qiymətləri 80,0 dollardan 15,0 dollara enəndə ixracatçı ölkələrin əksəriyyətində iqtisadi böhran yaranıb. Bu gün də oxşar tendensiyalar müşahidə oluna bilər”.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər