Neft sənayesi və hava çirkliliyi
Son illərdə neft sənayesinin fəaliyyəti və sənaye istehsalından yaranan zərərli qazlar hava çirkliliyinin əsas səbəblərindən biri olaraq qalır. Ekspertlər bildirirlər ki, bu vəziyyət həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi təsir göstərir.
Mövzu ilə bağlı ekoloq Amin Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, neft sənayesindən havaya buraxılan əsas qazlar karbon qazlarıdır (CO2). Bu qazlar əsasən neft və qaz hasilatı həyata keçirilən ərazilərdə atmosferə qarışır:
“Son illərdə bir çox sənaye müəssisələrində bu zərərli qazların birbaşa havaya buraxılmaması üçün yeni texnologiyalar tətbiq olunur. Məsələn, filtrasiyadan keçirilir və xüsusi avadanlıqlarla zərərli təsirləri azaldılır. Bu texnologiyalar əsasən inkişaf etmiş ölkələrdə və yüksək texnologiyalı müəssisələrdə istifadə olunur. Qazlar yüksək həddə olduqda insan sağlamlığına mənfi təsir göstərir və iqlim də dəyişir. Bu qazlar əsasən istixana effekti yaradır. Atmosferin müəyyən qatlarında qalaraq günəş şüalarının geri qayıtmasını əngəlləyir və nəticədə qlobal istiləşməyə gətirib çıxarır. Şəhər ekosistemlərində isə quşların azalmasına, bəzi heyvanların isə yaşayışlarını dəyişməyə məcbur olmasına səbəb olur”.
Məmmədov vurğulayıb ki, neft sənayesində hava çirkliliyinin qarşısını almaq üçün innovativ texnologiyaların tətbiqi vacibdir:
“Tarazlığı bərpa etmək üçün qazların filterdən keçirilməsi və zərərli təsirlərin aradan qaldırılması lazımdır. Yeni innovativ ideyalar üzərində tədqiqatlar aparılır və bu sahədə davamlı işlər görülür”.
Fatimə Hüseynli
