Neft yenidən bahalaşıb
Dünya bazarlarında neft yenidən bahalaşıb. Hazırda “Brent” markalı neft 65,51 dollara, yüngül neft 61,84 dollara təklif edilir.
Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, neft qiymətlərinin artması dolların məzənnəsinə əhəmiyyətli təsir göstərə bilər:
“Neft dünya bazarında əsasən ABŞ dolları ilə qiymətləndirilir, buna görə də neft alqı-satqısı dolların qlobal dövriyyəsini artırır. Neftin qiyməti yüksələndə, xüsusilə böyük neft idxalçı ölkələr daha çox dollar tələb edir. Bu da dolların digər valyutalara nisbətdə möhkəmlənməsinə səbəb olur. Bundan əlavə, neft qiymətlərindəki artım qlobal enerji xərclərini yüksəldir və inflyasiya təzyiqini artırır. ABŞ-də inflyasiya yüksəldikdə Mərkəzi Bank faiz dərəcələrini artırmaq məcburiyyətində qala bilər ki, bu da dolların digər valyutalara nisbətdə məzənnəsini gücləndirir. Yəni neft qiymətlərinin artması həm birbaşa, həm də dolayısı ilə dolların qlobal mövqeyinə təsir edir. Dünya neft bazarında sabitliyi qorumaq olduqca çətindir, çünki bazar çox sayda dəyişkən faktordan asılıdır. Neftin tələbatı iqtisadi inkişaf səviyyəsinə, sənaye fəaliyyətinə və iqlim şəraitinə bağlı olaraq dəyişir. Eyni zamanda təklif də müxtəlif faktorlardan təsirlənir. Neft istehsalçı ölkələrdəki geosiyasi gərginliklər, müharibələr, sanksiyalar və ölkələrin hasilat siyasətləri qiymətləri ani şəkildə dəyişdirə bilir. Məsələn, OPEC+ ölkələrinin hasilatı artırmaq və ya azaltmaq qərarı bazarda gözlənilməz dalğalanmalar yaradır. Bundan əlavə, texnoloji inkişaflar və alternativ enerji mənbələrinin sürətlə yayılması, habelə iqlim siyasətləri neftin uzunmüddətli tələbatını dəyişdirir və bazarın stabilliyini çətinləşdirir. Bu faktorların hamısı birləşərək neft bazarını çox həssas və proqnozlaşdırılması çətin bir sahəyə çevirir”.
Ekspert qeyd edib ki, enerji qiymətlərinin artması inflyasiyaya həm birbaşa, həm də dolayı yollarla təsir göstərir:
“Birbaşa təsir yanacaq, elektrik və qaz kimi enerji mənbələrinin qiymətlərinin artmasıdır. Bu, gündəlik xərcləri yüksəldərək ailələrin və şirkətlərin büdcəsinə təzyiq edir. Dolayı təsir isə istehsal və nəqliyyat xərclərinin artmasından irəli gəlir. Məhsul və xidmətlərin istehsal xərcləri yüksələndə onların qiyməti də artır. Nəticədə, ümumi qiymət səviyyəsi qalxır və inflyasiya sürətlənir. Bundan əlavə, enerji qiymətlərindəki davamlı yüksəliş həm istehlakçıların, həm də şirkətlərin gələcəkdə qiymətlərin artacağını gözləməsinə səbəb olur ki, bu da inflyasiya gözləntilərini gücləndirir. Yüksək enerji qiymətləri həm də iqtisadiyyatın digər sahələrinə təsir edərək qiymətlərin ümumi səviyyəsini yüksəldir, xüsusilə nəqliyyat və sənaye sahələrində xərclərin artmasına yol açır”.
Nuray Əliyeva
