Neftin dünya bazarında bahalaşması Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək?
Dünya bazarlarında neftin qiymətinin yenidən artaraq “Brent” markası üzrə 105 dolları ötməsi qlobal enerji bazarında baş verən prosesləri və bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini gündəmə gətirib. Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma, neft təchizatına yaranan risklər və geosiyasi gərginlik qiymət artımının əsas səbəbləri kimi göstərilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, neftin qiymətinin 105 dolları ötməsinin başlıca səbəbi Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma və bunun dünya bazarında neft təchizatına yaratdığı risklərdir:
“Neftin qiymətinin 105 dolları ötməsinin əsas səbəbi hazırda Yaxın Şərqdə davam edən hərbi-siyasi qarşıdurma və bunun dünya bazarında neft təchizatına yaratdığı risklərdir. Xüsusilə ABŞ-İran münaqişəsi, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin pozulması və neft ixracı marşrutlarının məhdudlaşması qiymətlərə ciddi təsir göstərir. Nəzərə almaq lazımdır ki, dünya neftinin təxminən beşdə biri normal şəraitdə Hörmüz boğazından daşınır. Bu marşrutda yaranan hər hansı ciddi problem qlobal bazarda təklifin azalması təhlükəsini artırır. Bundan başqa, Yaxın Şərqdə neft infrastrukturlarına və tankerlərə hücumlar, sığorta və daşınma xərclərinin artması, eləcə də qlobal neft ehtiyatlarının azalması qiymətlərə əlavə təzyiq göstərir. Burada əsas məsələ təkcə faktiki neft çatışmazlığı deyil, həm də gələcək təchizatla bağlı qeyri-müəyyənlikdir. Bazar iştirakçıları mümkün fasilələri əvvəlcədən nəzərə alaraq qiymətləri yüksəldirlər”.
Akif Nəsirli qiymət artımının yaxın dövrdə davam edə biləcəyini, lakin bunun uzunmüddətli və sabit tendensiya kimi qiymətləndirilməsinin doğru olmadığını vurğulayıb:
“Qiymət artımının yaxın dövrdə davam etməsi mümkündür, lakin bunu uzunmüddətli və sabit tendensiya kimi qiymətləndirmək düzgün olmaz. ABŞ və İran arasında danışıqların nəticəsi, hərbi əməliyyatların intensivliyi və Hörmüz boğazında daşımaların bərpası qiymətlərin istiqamətini müəyyən edən əsas amillər olacaq. ABŞ Energetika Administrasiyası 2026-cı ilin dördüncü rübündə Brent markalı neftin orta qiymətini 105 dollar səviyyəsində proqnozlaşdırır. Bununla belə, qurum Yaxın Şərqdə təchizat məhdudiyyətlərinin tədricən aradan qalxacağı təqdirdə qiymətlərin gələn il aşağı düşəcəyini də gözləyir”.
İqtisadçı neftin bahalaşmasının Azərbaycan üçün əlavə valyuta gəlirləri yaratmaqla dövlət maliyyəsinə müsbət təsir göstərə biləcəyini qeyd edib:
“Neftin bahalaşması Azərbaycan üçün ilk növbədə əlavə valyuta gəlirləri deməkdir. Çünki ölkənin ixrac gəlirlərinin və dövlət maliyyəsinin mühüm hissəsi neft-qaz sektorundan asılıdır. Neftin qiymətinin büdcədə nəzərdə tutulan səviyyədən yüksək olması Dövlət Neft Fondunun gəlirlərini, dövlət büdcəsinə transfert imkanlarını və ölkənin tədiyə balansını yaxşılaşdıra bilər. Bu, eyni zamanda valyuta ehtiyatlarının artmasına və manatın məzənnəsinin qorunmasına əlavə dəstək verə bilər. 2026-cı ilin dövlət büdcəsində neftin bir bareli 65 dollar götürülüb. Deməli, qiymətin 105 dollar ətrafında qalması büdcə hesablamalarında nəzərdə tutulan göstəricidən xeyli yüksək gəlir imkanları yaradır. Ancaq burada bir məqamı nəzərə almaq lazımdır: neftin bahalaşması avtomatik olaraq eyni həcmdə əlavə büdcə gəliri yaranması demək deyil. Çünki Azərbaycanın neft hasilatı əvvəlki illərlə müqayisədə azalıb. Energetika Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında ölkədə kondensatla birlikdə 19,9 milyon ton neft hasil edilib, 15,5 milyon ton ixrac olunub. Yəni qiymət artımının müsbət təsiri hasilat və ixrac həcmləri ilə məhdudlaşır”.
Akif Nəsirli yüksək neft qiymətlərinin Azərbaycan iqtisadiyyatı üçün müəyyən risklər də yaratdığını diqqətə çatdırıb:
“Digər tərəfdən, yüksək neft qiymətlərinin mənfi tərəfləri də var. Yaxın Şərqdə müharibənin genişlənməsi dünya bazarında enerji və nəqliyyat xərclərini artırır. Bu isə Azərbaycana idxal olunan ərzaq, sənaye məhsulları və digər malların bahalaşmasına səbəb ola bilər. Nəticədə neft gəlirlərindən əldə edilən əlavə iqtisadi üstünlüyün bir hissəsi inflyasiya vasitəsilə əhalinin xərclərinə təsir göstərə bilər”.
İqtisadçının sözlərinə görə, Azərbaycan yüksək neft qiymətlərindən iqtisadi fayda əldə etmək imkanına malik olsa da, burada əsas məsələ əlavə gəlirlərin səmərəli istiqamətlərə yönəldilməsidir:
“Mən hesab edirəm ki, Azərbaycan bu qiymət artımından müəyyən qədər ciddi fayda əldə edə bilər. Lakin əsas məsələ əlavə gəlirlərin necə istifadə olunacağıdır. Bu vəsaitləri yalnız cari xərclərin artırılmasına yönəltmək əvəzinə, Dövlət Neft Fondunun ehtiyatlarının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində istifadə etmək daha məqsədəuyğun olardı. Çünki neft qiymətləri siyasi və geosiyasi hadisələrdən asılı olaraq qısa müddətdə kəskin dəyişə bilir. Azərbaycan üçün əsas üstünlük yüksək qiymətlərdən müvəqqəti gəlir əldə etmək deyil, həmin gəlirləri uzunmüddətli iqtisadi dayanıqlığa çevirməkdir”.
Gülnar Mustafayeva