Nemtsovun ölümü ilə bağlı beynəlxalq reaksiya
ABŞ prezidenti Barack Obama "amansız qətli" pisləyib və Rusiya hökumətini "cəld, bitərəf və şəffaf istintaq" aparmağa çağırıb.
Avropa Şurasının baş katibi Thorbjorn Jagland həmçinin qətli pisləyərək Twitter hesabında yazıb: "Mən müxalifət lideri Boris Nemtsovun güllələnməsinə görə şok və dəhşət keçirirəm. Qatillər məsuliyyətə cəlb olunmalıdır".
Ukrayna prezidenti Pyotr Poroşenko da rusiyalı siyasətçi Boris Nemtsovun ölümü ilə bağlı başsağlığı verib. "Borisi öldürüblər. Buna inanmaq çətindir. Onun təbəssümünü və cəsarətli ideyalarını xatırlayıram. Dost adlandıra biləcəyim çox az insanlardan biri idi" - Pyotr Poroşenko özünün "Facebook" səhifəsində belə yazıb.
Poroşenko həmçinin Boris Nemtsovu "Ukrayna ilə Rusiya arasında körpü" adlandırıb.
Qeyd edək ki, Boris Nemtsov bu gecə Moskvanın mərkəzində öldürülüb. Naməlum şəxslər ağ maşında siyasətçiyə yaxınlaşaraq bir neçə dəfə atəş açıblar. Siyasətçi aldığı güllələrdən hadisə yerində keçinib.
