Nikah müqaviləsi: hüquqların qorunması, yoxsa etimadsızlıq?
Nikah müqaviləsi tərəflərin evlilikdən əvvəl və ya evlilik dövründə əmlak və maliyyə münasibətlərini əvvəlcədən müəyyənləşdirməsinə imkan yaradır. Bu sənəd gələcək risklərin qarşısını almaq üçün hüquqi mexanizm kimi çıxış edir və tərəflər arasında mümkün mübahisələri minimuma endirməyi hədəfləyir.
Mövzu ilə bağlı vəkil Babək Həmidov “İnformator.az”a açıqlamasında bildirib ki, məhkəmə qaydasında tərəflər nikah müqaviləsini dəyişdirilməsi və ya ləğv ilə bağlı iddia qaldıra bilərlər:
"Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında nikah müddətində və ya nikahdan sonrakı müddətdə, nikaha dövründə əldə edilən əmlakın idarə edilməsi ilə bağlıdır. Tərəflər könüllü şəkildə mülkiyyət əldə edilməmişdən əvvəl, əldə ediləcək mülklərə dair kimin hansı həcmdə hüquqa malik olcağını məhz nikah müqaviləsi ilə qarşılıqlı şəkildə razılaşdıra bilərlər. Nikah müqaviləsi notariat qaydasında bağlanılır. Hər iki tərəf imzaları ilə könüllü şəkildə iştirak etdiklərini təsdiq edirlər. Şərtlər isə öz aralarında razılaşdırılmalıdır. Tövsiyə olunur ki, mütləq qaydada şəxslər öz aralarında olan əmlak rejimini razılaşdırdığı təqdirdə vəkillə məsləhətləşsinlər. Müqavilədə nəzərdə tutulan müddəalar şəxslərin həm nikah dövründə, həm də nikahdan sonrakı, yəni nikah pozulduğu dövrdə əmlakala bağlı əlverişsiz vəziyyətə salmamalıdır. Yəni əmlakdan məhrum etməsin və ya əmlaka dair hər hansı üstün hüquqlardan məhrum etmiş olmasın. Nikah müqaviləsinin mənfi tərəfləri ondan ibarətdir ki, tərəflər məzmunu anlamaya bilər, anlamadığı məzmunu isə imzalaya və onun hüquqi nəticələrini öncədən proqnozlaşdıra bilməz. Ona görə də, tövsiyə olunur ki, istənilən müqavilə xüsusilə də, nikah müqaviləsi imzalanarkən nikahın pozulması zamanı və ya nikah dövründə əmlakın idarə edilməsi ilə bağlı, nikah müqaviləsində nəzərdə tutulan normaların öncədən nəzərə alınmasını vəkil izah etsin. Həmin müddəaların tətbiq ediləcəyi təqdirdə isə tərəflər əvvəlcədən hüquqi baxımdan hazır olsunlar. Nikah müqaviləsi bağlandıqdan sonra tərəflərin birgə razılığı ilə dəyişdirilə və ya ləğv edilə bilər. Əgər tərəflərdən biri bu prosedurun həyata keçirilməsinə razı olmadıqda, qanunvericilik icazə verdiyi təqdirdə məhkəmə qaydasında tərəflər nikah müqaviləsini dəyişdirilməsi və ya ləğv ilə bağlı iddia qaldıra bilərlər".
Samirə Allahverdizadə