Nikolas Flamel və filosoflar daşı haqqında həqiqətlər
Nikolas və Pernel Flamel haqqında əfsanə əsrlərdir insanları maraqlandırır. Orta əsrlərdə yaşamış bu Parisli cütlüyün adi metalları qızıla çevirən əfsanəvi “filosoflar daşı”nı yaratdığı iddia edilirdi. Lakin yeni araşdırmalar bu əfsanənin necə yarandığına aydınlıq gətirir.
Nikolas Flamel 1330-cu illərdə doğulub, 1418-ci ildə vəfat edib. O, əslində, qızıl əldə etməyə, xəstəlikləri sağaltmağa və ölümsüzlüyə nail olmağa çalışan qədim kimyagərliklə məşğul olmayıb. Buna baxmayaraq, onun adı İsaak Nyuton, Viktor Hüqo və “Harri Potter və Filosoflar daşı” kitabının müəllifi C. K. Roulinq kimi məşhur şəxslərin diqqətini çəkib.
Bu payız Flamelin vəsiyyətnaməsi ilk dəfə Parisdəki Klüni Muzeyində sərgilənir. Əsrlər boyu xəstəxana arxivində saxlanılan sənəd onun kimyagər kimi tanınmasının səbəblərini araşdırmağa kömək edir.
Kimyagərliyin tarixi təxminən 2000 il əvvələ, Qədim Misirə gedib çıxır. Sonralar bu ənənə müxtəlif tərcümələr vasitəsilə Avropaya yayılıb. Kimyagərlər adi metalları qızıla və ya gümüşə çevirdiyinə inanılan sirli bir maddə – filosoflar daşı yaratmağa çalışırdılar. Orta əsrlərdə bu daşa sağlamlıq və ölümsüzlük gətirmək gücü də aid edilirdi.
XV əsrin sonlarında “Flamel kitabı” adlı kimyagərlik əsəri onun adı ilə nəşr olundu. Halbuki kitabın əsl müəllifi naməlum şəxs idi. Əsərdə metalları qızıla çevirmək üçün müxtəlif üsullar təsvir edilirdi. Kitabın geniş yayılması insanların həqiqi Nikolas Flamel ilə kimyagərlik arasında əlaqə qurmasına səbəb oldu.
Muzeyin tədqiqatçısı Maelys Bituze hesab edir ki, Flamelin var-dövləti də əfsanənin yaranmasında mühüm rol oynayıb. Yeni araşdırılan sənədlərə əsasən, o, Parisdə təxminən 10 evə sahib olub və yüzlərlə mülk sahibinə borc verib. Həmçinin kilsələrə və xeyriyyə təşkilatlarına ianələr edib.
Aristokrat olmayan bir şəxsin belə böyük sərvətə və yüksək ictimai nüfuza malik olması insanlarda suallar yaradırdı. Həmin dövrdə kimyagərlik ilahi işlə əlaqələndirildiyindən, onun var-dövləti bu sahə ilə izah edilmiş ola bilər.
Müasir alimlər qədim kimyagərlik reseptlərini araşdıraraq onların arxasında dayanan kimyəvi prosesləri anlamağa çalışırlar. 2024-cü ildə tədqiqatçılar yumurta əsaslı resepti təkrarlayaraq toz əldə ediblər. Yumurtanın tərkibindəki kükürd gümüşlə reaksiyaya girərək ona qızılı rəng verə bilər. Bu, kimyagərlərin metalı qızıla çevirdiklərinə niyə inandıqlarını izah edə bilər.
Arzum Ağazadə