Norveç Pensiya Fondu İsrail Ordusuna Satış Edən Şirkətlərlə Əlaqəni Kəsib
Norveçin ən böyük pensiya fondu KLP, İsrail ordusuna avadanlıq verən iki şirkətlə – ABŞ-nin Oshkosh Corporation və Almaniyanın ThyssenKrupp firması ilə investisiya əlaqələrini kəsib.
Fond bu qərarı şirkətlərin məhsullarının Qəzzada istifadə oluna biləcəyi ehtimalına əsasən verib. KLP Oshkosh-da 1,8 milyon, ThyssenKrupp-da isə təxminən 1 milyon dollar sərmayə yatırıb.
KLP-nin məsul sərmayələr üzrə rəhbəri Kiran Əziz bildirib ki, BMT-dən əldə olunan məlumatlar bu şirkətlərin İsrailə silah və texnika göndərdiyini göstərib. Oshkosh İsrailə nəqliyyat vasitələri satdığını təsdiqləyib. ThyssenKrupp isə Saar 6 tipli döyüş gəmiləri verdiyini və yaxın vaxtda sualtı qayıq təhvil verəcəyini açıqlayıb. KLP bu fəaliyyətlərin insan hüquqları və humanitar normalarla uyğun gəlmədiyini qeyd edib.
Fond daha əvvəl də bu tip qərarlar verib. 2021-ci ildə Motorola da daxil olmaqla, 16 şirkətlə yollar ayrılıb. Həmin il Hindistanın Adani Ports şirkəti və 2023-cü ildə ABŞ-nin Caterpillar firması ilə əlaqələr dayandırılıb. KLP bu addımları insan hüquqlarına uyğun investisiya prinsipləri çərçivəsində atır.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə