00:00:00
Yazar
Səadət Əlizadə
01.04.2026 18:01 23 3 dəq oxuma
Sosial

Norveç təhsil sisteminin ölkəmizdə tətbiqi realdır?

Norveç təhsil sisteminin ölkəmizdə tətbiqi realdır?

Norveçin təhsil sistemində tətbiq olunan maraqlı yanaşmalardan biri də universitet tələbələrinin orta məktəb şagirdləri ilə dərsdən sonra birlikdə vaxt keçirməsidir. Bu proses zamanı tələbələr şagirdlər üçün həm dost, həm də bələdçi rolunu oynayırlar. Onlar şagirdlərə dərslərində kömək edir, sosial bacarıqlarını inkişaf etdirməyə dəstək olurlar və motivasiya mənbəyinə çevrilirlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, Norveç modelinin ölkəmizdə tam şəkildə tətbiqi çətin olsa da, müəyyən elementlərinin uyğunlaşdırılması tam realdır və hətta faydalı ola bilər:


“Universitet tələbələrinin məktəblilərlə dərsdən sonra vaxt keçirməsi əslində təhsil psixologiyası və sosial öyrənmə nəzəriyyəsi baxımından çox güclü modeldir.
Universitet tələbələri məktəblilərə müəllimdən daha yaxın yaşda olduqları üçün şagirdlər daha açıq davranır və komplekslərini daha rahat bölüşür, eyni zamanda motivasiya daha effektiv ötürülə bilir.
Digər tərəfdən tələbələr şagirdlərə dərslərdə kömək edə bilər. Məktəbli tələbənin uğurlarını daha yaxından görüb onun kimi olmağı da qarşısına məqsəd qoya bilər. Bu da əlavə olaraq motivasiyanı gücləndirir.
Bütün bunlarla yanaşı sosial bacarıqların inkişafı da nəzərə alınır.
Bu yanaşma emosional intellekt və komandada işləmə kimi bacarıqları gücləndirir.
Lakin qeyd olunan modelin ölkəmizdə tətbiqi sistemli şəkildə təşkilatçılığın olmaması amili çətinləşdirir. Norveçdə bu cür proqramlar dövlət və ya bələdiyyə səviyyəsində qurulur. Azərbaycanda isə koordinasiya mexanizmi zəifdir və  məktəb-universitet əməkdaşlığı hələ sistemli şəkildə deyil. Bundan başqa Norveçdə tələbələr çox vaxt bu işləri gördüyü üçün hansısa tədris olunan fənnə görə qiymətləndirilir və ya maliyyə dəstəyi alır. Ölkəmizdə isə bu tip işlər çox vaxt könüllülük prinsipi əsasında aparılır və bu da stimulu azalda bilər.
Bəzən valideynlər dərsdən kənar fəaliyyəti vaxt itkisi kimi qiymətləndirilir.Bu da öz növbəsində proqramın qəbulunu çətinləşdirir”.

 

Əlavə olaraq ekspert bildirib ki, bu modeli tam şəkildə tətbiq etmək mümkün olmasa da adaptasiya etmək daha realdır:


“Bunun üçün ilk olaraq pilot proqramları tətbiq etmək olar. Bir neçə məktəbdə sınaq layihə etmək mümkündür. Daha sonra universitetlərlə əməkdaşlıq məsələsi də nəzərdə saxlanılmalıdır.
Tələbələrin bu layihədə iştirak edərək gördüyü işlərə görə sertifikat da təqdim edilə bilər.  “Mentor–şagird” proqramı tətbiq etməklə hər tələbə 2/3 şagirdlə işləyir və bu həftədə 1-2 dəfə görüş keçirməklə mümkün ola bilər.
Təhsil haqqında Qanun ümumi çərçivəni müəyyən edir və təhsilin inkişafını, əməkdaşlığı və beynəlxalq inteqrasiyanı dəstəkləyir. Amma konkret olaraq “universitet tələbəsi məktəbdə mentor kimi fəaliyyət göstərə bilər” və ya “bu fəaliyyət necə təşkil olunur” kimi praktik mexanizmlər qanunda açıq göstərilmir. Lakin “Mentorluq fəaliyyəti”nin hüquqi statusunu yeni anlayış kimi daxil etmək olar və bu “təhsil mentorluğu” və ya “akademik könüllülük” adı kimi istifadə edilə bilər.
Tələbələrin məktəbdə fəaliyyətinə icazə verilməsi məsələsi də öz həllini tapmalıdır. Tələbələr məktəbdə qeyri-formal iştirak hüququ və dərsdənkənar fəaliyyətlərdə iştirak icazəsi əldə edə bilər.
Eyni zamanda uşaq təhlükəsizliyi və məsuliyyət mexanizmi də vacib amil kimi diqqətdə saxlanılmalı və uşaqların fiziki və psixoloji təhlükəsizliyi qorunmalıdır.
Bütün qeyd edilən işlərin həyata keçirilməsi üşün “Məktəb–Universitet Koordinasiya Mərkəzi” adlı struktur yaradıla bilər və bu struktur tələbələri müvafiq şəkildə yönləndirə və onları məktəblərlə uyğunlaşdıra və bundan başqa da proqramın gedişatənı izləyə bilər. Həmçinin tələbələri bu fəaliyyətdə maraqlı olması və motivasiya üçün təqaüd də verilə bilər”.

 

Səadət Əlizadə

#xəbər #baki #təhsil #sisteminin #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər