Norveç Ukraynaya 7 milyard avrodan çox vəsait ayıracaq
Norveç hökuməti 2026-cı ildə Ukraynaya 85 milyard Norveç kronu (təxminən 7,2 milyard avro) ayıracaq.
Ukrayna 2023-cü ildən bəri Nansen adına proqram vasitəsilə 190 milyard Norveç kronu (təxminən 19 milyard dollar) məbləğində yardım alıb.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Ukrayna iqtisadiyyatı son üç il ərzində xeyli dərəcədə zərər görüb:
"Ukraynaya istər Norveç, istərsə də digər Avropa ölkələri vasitəsilə ayrılan bu cür maliyyə yardımları, əslində, həmin ölkələrin iqtisadiyyatı üçün ciddi bir əhəmiyyət kəsb etmir. Faktiki olaraq, Ukrayna hazırda müharibə şəraitindədir və onun iqtisadiyyatı son üç il ərzində xeyli dərəcədə zərər görüb. Hazırda orada hər hansı iqtisadi inkişafdan, yeni istehsal sahələrinin yaranmasından, investisiya qoyuluşundan və bu kimi məsələlərdən danışmağa dəyməz. Ona görə də Norveçin gələn il Ukraynaya ayırdığı məbləğdən asılı olmayaraq, istənilən formada ayrılan vəsait sözügedən aspektdə xüsusi bir əhəmiyyət daşımır. Bütün bu vəsaitlər istər-istəməz müharibəyə yönəldilir, yəni məcburi şəkildə hərbi məqsədlərlə istifadə olunur. Əslində, bu yardımların indiki şəraitdə Ukraynaya ayrılması müharibənin uzanmasına xidmət edir, ölkənin iqtisadi inkişafına isə real töhfə vermir. Əsas məsələ ondan ibarətdir ki, nə vaxt Rusiya və Ukrayna danışıqlar masası arxasında əyləşib sülh sazişi əldə etsələr, müharibəyə son qoyularsa, o zaman Norveç hökumətinin və digər Avropa Birliyi ölkələrinin Ukraynaya ayırdığı bu qeyri-adi məbləğlərin əsl faydasından danışmaq mümkün olacaq".
Xədicə Məhərrəmli
