Novruz bayramı Strasburqda muğam konserti ilə qeyd olunub
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Strasburq şəhərində Novruz bayramı münasibətilə muğam konserti təşkil olunub.
"İnformator.az" xəbər verir ki, şəhərin mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön kilsəsində keçirilən konsertdə Avropa Şurasının rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu bayramın təlqin etdiyi ülvi dəyərlər və bu qədim bayramın xalqımızın mədəni irsində tutduğu yer barədə iştirakçılara məlumat verib, eləcə də 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni "Beynəlxalq Novruz Günü" elan etdiyini, 2016-cı ildə isə "Novruz"un UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.