Novruzun üçüncü müjdəçisi - Yel Çərşənbəsi
Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən üçüncüsü olan Yel çərşənbəsi qeyd edilir. Bu çərşənbə xalq arasında “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Külək oyadan çərşənbə” kimi də adlandırılır. Bu gün baharın canlanmasının, təbiətin nəfəs almasının rəmzidir. Yel çərşənbəsi günü Günəşin işığı daha da canlanır, küləyin səsi eşidilir və insanlar baharın yaxınlaşdığını hər addımda daha da yaxından hiss edirlər.
Bu çərşənbə günü insanlar həyətlərini, evlərini təmizləyir, palaz-xalçalarını çırpıb havalandırır, çiçəkləri sulayırlar. Bir çox bölgələrdə bu günə xüsusi adətlər də bağlıdır. Məsələn, söyüd ağacının altına keçib niyyət tutmaq və bu niyyətin küləyin yardımı ilə yerinə yetəcəyinə inanmaq kimi xalq inancları hələ də yaşadılır.
Yel çərşənbəsi ilə bağlı “İnformator.az” saytı şəhər sakinlərinin də fikirlərini öyrənib.
65 yaşlı şəhər sakini Bəsti Məmmədova Yel çərşənbəsini maraqlı qeyd etdiklərini bildirib:
“Bizim vaxtımızda Yel çərşənbəsi çox maraqlı keçərdi. Həyətləri təmizləyər, tonqal qalayardıq. Hamı bir yerdə gülüb danışar, xoş əhval-ruhiyyə yaranardı. Bişirdiklərimizi bir-birimizlə paylaşardıq”.
11 yaşlı Ayşən Vəliyeva isə çərşənbələri çox sevdiyini deyib:
“Mən Novruz bayramının çərşənbələrini çox sevirəm. Çünki atam tonqal qalayır. Anam mənə tonqalda hoppanmağa kömək edir”.
Yel çərşənbəsi böyüklər üçün xatirələr, uşaqlar üçün isə əyləncə deməkdir. İnsanlar bir yerdə gülür, oynayır, baharın gəlişini hiss edirlər. Yel çərşənbəniz mübarək!
Nuray Əliyeva