00:00:00
Yazar
Elmira Ağayeva
21.10.2026 23:10 25 5 dəq oxuma
Maraqlı

Noyabrda kinoteatrlarda və evdə izləməyə dəyər 5 film

Noyabrda kinoteatrlarda və evdə izləməyə dəyər 5 film

 

Noyabrda bir-birindən maraqlı filmlər nümayiş olunacaq. Endryu Skottun Oskara namizəd göstəriləcəyi gözlənilən rolundan tutmuş “Aclıq Oyunları”nın yeni prikvelinə qədər bu ay kinoteatrlarda və yayım platformalarında izləyə biləcəyiniz filmləri təqdim edirik.

1. Kliff Butun növbəti uğursuz macəraları

Kliff But Kventin Tarantinonun “Bir zamanlar Hollivudda” (2019) filmində Bred Pittin canlandırdığı təmkinli kaskadyor obrazıdır. Pitt bu rola görə “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyasında Oskar mükafatı qazanıb. Tarantino bu obrazı o qədər bəyənib ki, onun üçün komik triller janrında spin-off ssenarisi yazıb. Tarantinonun davam filmləri yazmadığını nəzərə alsaq, bu, kifayət qədər təəccüblüdür. Daha böyük sürpriz isə filmin rejissorunun Devid Finçer (“Döyüş klubu”, “Sosial şəbəkə”) olmasıdır. 1996-cı ildə çəkilmiş “Gün batandan sübhədək” filmindən bəri bu, ssenarisini Tarantinonun yazdığı, lakin başqa rejissorun çəkdiyi ilk filmdir.

Hadisələr 1977-ci ildə, Kliffin Hollivudun qalmaqallarını və problemlərini həll etmək üçün işə götürüldüyü dövrdə cərəyan edir. Onun son müştəriləri arasında cinayətkarlarla əlaqəyə girmiş istedad agenti (Elizabet Debiki) və televiziya aktyoru (Skott Kann) var. Filmin rəsmi məzmun təsvirində deyilir: “Bir vaxtlar nağıl kimi olan şey indi cinayət hekayəsinə çevrilib – bu, yalnız Los-Ancelesdə baş verə biləcək zorakılıq, ambisiya və ehtiras qarışığıdır”.

Təqdimat tarixi: 25 noyabr (Böyük Britaniya, ABŞ, Kanada)

2. “Aclıq Oyunları: Seçim Gününün Şəfəqi” (The Hunger Games: Sunrise on the Reaping)

Cennifer Lourensin canlandırdığı Katniss Everdinin “Aclıq Oyunları: Alaycı quş – II hissə” filmindəki qələbəsindən on ildən çox vaxt keçsə də, tamaşaçılar hələ də bu hekayənin davamını görməyə can atırlar. “Aclıq Oyunları” seriyasının ilk prikveli olan “Mahnı quşları və ilanların balladası” 2023-cü ildə böyük uğur qazanmışdı. İndi isə həmin prikvelin davamı gəlir. Film “Mahnı quşları və ilanların balladası”ndakı hadisələrdən 40 il sonra, Katnissin macəralarından isə 24 il əvvəl baş verən hadisələri əhatə edir.

Bu, bir qədər qarışıq səslənsə də, Syuzan Kollinzın bestsellerə çevrilmiş distopik romanlarının pərəstişkarları üçün hər şey aydın olacaq. “Seçim Gününün Şəfəqi” filmində orijinal filmlərdə Vudi Harrelsonun canlandırdığı personajın gənc versiyasını Cozef Zada, Donald Sazerlendin oynadığı Prezident Snou obrazını isə Ralf Fayns canlandırır. Digər gənc obrazlar arasında Filip Seymur Hoffmanın qəhrəmanı rolunda Cessi Plemons, Stenli Tuççinin canlandırdığı obrazın gənc versiyasında Kiran Kalkin və Elizabet Benksin oynadığı personajın gənc versiyasında El Fanninq yer alır.

Beynəlxalq nümayiş tarixləri: 19 və 20 noyabr.

3. “Elsinore”

1989-cu ildə Daniel Dey-Lüis Londonun Milli Teatrında “Hamlet” tamaşasında rol alarkən təzyiqə tab gətirməyərək səhnəni tərk edib. Bu, onun teatr səhnəsindəki son rolu olub. Onu illər əvvəl Oskar mükafatlı “Alovlu arabalar” filminin baş qəhrəmanı olmuş İan Çarlson əvəz edib. Çarlson həmin dövrdə ölümcül xəstəlik sayılan QİÇS-dən əziyyət çəkirdi, lakin dünyasını dəyişməzdən əvvəl teatrın ən böyük və ən tələbkar rollarından birini oynamağa qərarlı idi.

Filmdə Çarlsonu Endryu Skott, onun həkimini Oliviya Kolman, ən yaxın dostunu isə Billi Payper canlandırır. Saymon Stounun (“The Dig”) rejissorluğu və Stiven Beresfordun (“Pride”) ssenarisi ilə ərsəyə gələn film həm kövrək, həm də həyatsevərdir. Endryu Skottun Oskara namizəd göstəriləcəyi gözlənilir. “The Standard” nəşrindən Nik Houels filmi belə qiymətləndirib: “Uşaq kimi ağladım. Bu, ömürlük ifadır və Akademiyanın səsvermə hüququ olan üzvləri bunu görməzdən gəlmək üçün kollektiv şəkildə ağıllarını itirmiş olmalıdırlar”.

Təqdimat tarixləri: 20 noyabr (ABŞ), 25 noyabr (Fransa), 29 yanvar (Böyük Britaniya və İrlandiya).

4. “Cadulanmış” (Hexed)

“Moana 2”, “Mufasa: Aslan Kral” və “Zootopia 2” (digər adı ilə “Zootropolis 2”) kimi Disney-nin son dövrlərdəki animasiya filmləri əsasən mövcud hekayələrin davamı və ya əvvəlki hadisələrini əhatə edən layihələr olub. Lakin studiya “Hexed” filmi ilə yeni bir mövzuya müraciət edir.

Filmin cəsur qəhrəmanı Billi (Heyli Steinfeldin səsləndirdiyi obraz) şəhərətrafı ərazidə yaşayan və sehrli güclərlə doğulduğunu kəşf edən yeniyetmədir. O, portal vasitəsilə cadugərlər və sehrli varlıqlarla dolu sirli “Hexe” aləminə düşür. Bu personajları Codi Foster, Treysi Ullman, Stiven Fray və Den Stivens səsləndirirlər.

Bu ay sehrli dünyalardan bəhs edən yeganə animasiya filmi “Hexed” deyil. Doktor Syusun “Şlyapalı pişik” (The Cat in the Hat) əsərinin animasiya adaptasiyası da noyabrın 5-də kinoteatrlarda nümayiş olunacaq.

Təqdimat tarixləri: 25, 26 və 27 noyabr.

5. “Mən Rokkini oynayıram” (I Play Rocky)

1970-ci illərdə, karyerasının hələ başlanğıcında olan aktyor Silvester Stallone özü üçün xəyalındakı rolu yazmağa qərar verib və “Rokki” (Rocky) filminin ssenarisini cəmi üç gün yarım ərzində ərsəyə gətirib. Studiya rəhbərləri ssenarini bəyənsələr də, layihədə baş rolda naməlum, nitqi aydın olmayan gənc aktyorun deyil, Klint İstvud və ya Çarlz Bronson kimi ulduzların çəkilməsini istəyirdilər.

Lakin Stallone öz prinsiplərindən güzəştə getməyib. Filmin çəkiliş prosesindən bəhs edən bu dramın adı da məhz buradan qaynaqlanır: “Mən Rokkini oynayıram”. Gənc Silvester Stallone rolunda Entoni İppolito çıxış edir. Onun atasını Mett Dillon, ilk həyat yoldaşını Anna-Sofiya Robb, “Rokki” filmində Apollon Kridi canlandıran Karl Uezers obrazını isə Stefan Ceyms canlandırır.

“Yaşıl kitab” və “Axmaq və daha axmaq” filmlərinin rejissoru Piter Farrelinin ekranlaşdırdığı bu real həyat hekayəsi çətinliklərə baxmayaraq uğur qazanan bir insanın həyatından bəhs edir. “New York Post” qəzetindən Conni Oleksinski filmi belə təsvir edib: “Bu, insanı həyəcanlandıran, ruhlandıran, gözlənilmədən çox gülməli və sevilməsi asan bir ekran əsəridir. Ən xoş məqam isə odur ki, film hansısa toxunulmaz, muzey eksponatı kimi donuq bir əsər deyil; əksinə, Rokkinin özünəməxsus, əzmli və ‘bacara bilərəm’ ruhuna uyğun şəkildə yaradılıb”.

Təqdimat tarixi: 6 noyabr (Böyük Britaniya, ABŞ, Kanada).

Aysu Qədirzadə

#baki #kinoteatrlarda #gündəm #evdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər