Nvidia rəhbəri: “2030-cu il dünyanın sonu olmayacaq”
Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huang süni intellektin (AI) qarşıdakı onilliyin sonuna qədər bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqları “qiyamət ssenariləri” adlandırıb.
Huang CBS News-a müsahibəsində bildirib ki, 2030-cu ilin dünyanın sonu olması ehtimalı yoxdur.
“2030-cu il dünyanın sonu olmayacaq. Bunun dünyanın sonu olacağı ehtimalı sıfır faizdir”, – deyə o vurğulayıb.
Nvidia rəhbəri əlavə edib ki, insanları qorxutmaq lazım deyil və bu cür yanaşmanı məsuliyyətsiz hesab edir.
Son həftələrdə tədqiqatçıların süni intellekt texnologiyasının yarada biləcəyi potensial risklərlə bağlı xəbərdarlıqları AI təhlükəsizliyi ilə bağlı müzakirələri daha da gücləndirib. Bəzi texnologiya şirkətlərinin rəhbərləri isə süni intellekt modellərinin hazırlanmasının yavaşladılmasına çağırıblar.
Huangın açıqlamaları Anthropic şirkətinin keçmiş tədqiqatçısı Ceykob Koksunun sosial şəbəkələrdə yaydığı iddialardan sonra səslənib. Koksun sözlərinə görə, süni intellekt sahəsində çalışan bəzi şəxslər texnologiyanın onilliyin sonuna qədər bəşəriyyətin məhvinə səbəb ola biləcəyini düşünürlər.
Bu fikirlər süni intellektin riskləri ilə bağlı müzakirələrə səbəb olub. Anthropic şirkətinin rəhbəri Dario Amodei və OpenAI şirkətinin baş direktoru Sem Altman da daxil olmaqla bəzi aparıcı şəxslər AI inkişafının sürətinin azaldılmasını təklif ediblər.
Huang isə bu cür proqnozların “elmə əsaslanmadığını” bildirib. Onun sözlərinə görə, Nvidia üçün də sənayenin məhsullarını məsuliyyətli şəkildə hazırlaması vacibdir.
“Şirkətimizin uğuru məhsul və xidmətlərin təhlükəsiz tətbiqi ilə birbaşa bağlıdır. Əgər bunu davam etdirməsək, şirkətimizin dəyəri azalacaq”, – deyə o qeyd edib.
Nvidia rəhbəri süni intellekt şirkətlərinin inkişafın “yavaşladılması” ilə bağlı çağırışlarının məhsulların səbəb ola biləcəyi zərərlərə görə hüquqi məsuliyyətdən qorunmaq məqsədi daşıya biləcəyini də irəli sürüb.
“Hadisələrin arxasında nə dayandığını anlamağa çalışın. Onlar əslində daha çox qanun tələb etmirlər. Mövcud qanunlardan azad edilməyi istəyirlər və məncə, problem də budur”, – Huang deyib.
Nvidia süni intellekt sənayesinin əsas şirkətlərindən biridir və AI modellərinin hazırlanması üçün vacib olan qabaqcıl kompüter çiplərini istehsal edir.
Şirkətin ən güclü çiplərinin Çinə ixracına isə həm ABŞ, həm də Çin tərəfindən tətbiq olunan məhdudiyyətlər təsir edir. ABŞ-ın ixrac nəzarəti Çinin hərbi və süni intellekt sahəsindəki inkişafını məhdudlaşdırmağa, Çinin tətbiq etdiyi qaydalar isə yerli texnologiyalardan istifadənin artırılmasına yönəlib.
Güllər Gülhüseynova