00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
13.11.2026 22:06 23 3 dəq oxuma
Araşdırma

Nvidia ətrafında qalmaqal ABŞ administrasiyasını çətin vəziyyətə salıb

Nvidia ətrafında qalmaqal ABŞ administrasiyasını çətin vəziyyətə salıb

 

 

ABŞ-nin texnologiya nəhəngi Nvidia ətrafında yaranan qalmaqal Vaşinqtonda siyasi müzakirələri daha da gücləndirib. Şirkətin rəhbəri Jensen Huangın şəxsi həyatı ilə bağlı yayılan iddialar artıq yalnız biznes dairələrinin deyil, Ağ Evin də diqqət mərkəzinə çevrilib. Məsələ ABŞ-nin milli təhlükəsizliyi, Çinlə texnoloji rəqabəti və yüksəkvəzifəli rəsmilərin mümkün müdaxiləsi ilə bağlı suallar doğurub.Jensen Huang ABŞ prezidenti Donald Trampla yaxın münasibətləri ilə tanınan biznes liderlərindən biridir. O, Trampla bir neçə dəfə görüşüb, onun xarici səfərlərində iştirak edib və hətta prezidentin Çinə səfəri zamanı “Air Force One” təyyarəsində onu müşayiət edib. Huangın administrasiya daxilindəki nüfuzu xüsusilə ABŞ-nin Çinə qabaqcıl süni intellekt çiplərinin satışına qoyduğu məhdudiyyətlər ətrafında özünü göstərib.

 

Nvidia süni intellekt texnologiyalarının inkişafında mühüm rol oynayan çiplər istehsal edir. ABŞ isə bu texnologiyaların Çinin hərbi və texnoloji imkanlarını gücləndirə biləcəyindən ehtiyat edərək 2022-ci ildən etibarən onların ixracına məhdudiyyətlər tətbiq edib. Bununla belə, Jensen Huang dəfələrlə bildirib ki, bu məhdudiyyətlər Amerika şirkətlərinin bazar imkanlarını zəiflədir və Çin şirkətlərini alternativ texnologiyalar yaratmağa sövq edir.

 

Donald Trampın da müəyyən çiplərin Çinə satışına yenidən icazə verməsi bu yanaşmaya dəstək kimi qiymətləndirilib. Lakin hazırda Nvidia rəhbəri ətrafında yaranan qalmaqal həmin qərarların və administrasiya ilə münasibətlərin yenidən müzakirəsinə səbəb olub.Huangın Megaspeed şirkətinin keçmiş rəhbəri Alice Huangla münasibətləri barədə yayılan iddialar diqqəti daha ciddi məsələlərə yönəldib. ABŞ kəşfiyyatının Alice Huangın Çin kəşfiyyatı ilə əlaqələrinin ola biləcəyindən şübhələndiyi bildirilir. Pekin isə bu iddiaları rədd edir. Nvidia-nın Direktorlar Şurası şirkətə məxsus məxfi məlumatların və milli təhlükəsizlik maraqlarının təhlükə altına düşdüyünə dair əsas görmədiyini açıqlayıb.

 

Məsələnin diqqətçəkən tərəflərindən biri də Megaspeed şirkətinin ABŞ-nin ixrac məhdudiyyətlərini pozmaqda şübhəli bilinməsidir. İddialara görə, şirkətə məxsus qabaqcıl çiplərin Çinə yönləndirilməsi ehtimalı ilə bağlı araşdırma aparılıb. ABŞ Ticarət Nazirliyinin rəhbəri Hovard Lutnikin isə bu məsələ ilə bağlı əvvəlcədən məlumatlandırıldığı, lakin şirkətə qarşı sərt tədbirlərin görülməsində tərəddüd etdiyi bildirilir.

 

ABŞ mətbuatının yazdığına görə, Nvidia-nın hüquqşünasının müdaxiləsindən sonra Megaspeed ilə bağlı araşdırma dayandırılıb və iş Ədliyyə Nazirliyinə təhvil verilib. Bu məlumatlar administrasiya daxilində fikir ayrılıqlarının olduğu barədə müzakirələri də gücləndirib. Xüsusilə maliyyə naziri Skott Bessentin şirkətin niyə Ticarət Nazirliyinin qara siyahısına daxil edilmədiyini sual etdiyi bildirilir.

 

Artıq Konqresin hər iki partiyasının nümayəndələri məsələ ilə bağlı izahat tələb edirlər. Demokratlar Çin şirkətlərinin süni intellekt çiplərinə çıxışının necə yoxlanıldığını araşdırmağa başlayıblar. Respublikaçılar da milli təhlükəsizlik məsələsində daha sərt nəzarətin vacibliyini vurğulayırlar.

 

Nümayəndələr Palatasının Çin üzrə Xüsusi Komitəsinin sədri Con Mullenar bildirib ki, Amerika texnologiya şirkətlərinin uğuru ölkənin maraqlarına uyğundur. Lakin bu, milli təhlükəsizliyin riskə atılması hesabına baş verməməlidir. Senator Elizabet Uorren isə Jensen Huangın vəzifəsindən ayrılmasının onu məsuliyyətdən azad etmədiyini qeyd edərək, Hovard Lutnikdən izahat tələb edib.

 

Maraqlıdır ki, Huangın komandası respublikaçı qanunvericilərə onun qapalı dinləmələrdə ifadə vermək və əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Ağ Ev isə Donald Trampın Hovard Lutnikə tam etimad göstərdiyini açıqlayıb.

 

Beləliklə, Jensen Huangın şəxsi həyatı ilə bağlı yayılan iddialarla başlayan hadisə artıq ABŞ-nin texnologiya siyasəti və milli təhlükəsizlik məsələlərinə qədər genişlənib. Hazırda əsas diqqət administrasiyanın bu risklərdən nə dərəcədə xəbərdar olmasına, mümkün müdaxilələrin olub-olmamasına və Çinə çip ixracı ilə bağlı qərarların necə qəbul edilməsinə yönəlib. Qarşıdakı araşdırmaların həm Nvidia-nın fəaliyyətinə, həm də Ağ Evin texnologiya siyasətinə təsiri maraq doğurur.

Nuray Dadaşzadə

#salıb #administrasiyasını #baki #çətin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər