Xarici ticarətdə müsbət mənzərə: Bəs yerli istehsal haradadır?
Azərbaycanın xarici ticarət dövriyyəsində ixracın artması, idxalın isə azalması müşahidə olunur. Qeyri-neft-qaz ixracında qeydə alınan artım ölkənin neftdən asılılığının azaldılması baxımından diqqət çəksə də, bu göstəricilərin arxasında hansı iqtisadi amillərin dayandığı müzakirə mövzusudur. İxracın artımının nə dərəcədə yerli istehsalla bağlı olduğu və bu prosesin əhalinin rifahına necə təsir göstərə biləcəyi isə aktuallığını qoruyur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, ixracın artması, əsasən, neft-qaz qiymətlərinin yüksəlməsi və qızıl satışları ilə əlaqədardır:
“İxracın artmasının əsas səbəblərindən biri neft-qaz qiymətlərinin yüksəlməsidir. Dünyada baş verən müharibələr, xüsusilə Hörmüz boğazı ətrafındakı gərginlik və İran-ABŞ münaqişəsi enerji qiymətlərinin kəskin artmasına səbəb olub. Lakin bu, Azərbaycanın öz nailiyyəti deyil, dünya bazarında baş verən proseslərin nəticəsidir. İkinci mühüm amil qızıl satışlarıdır. Ötən il qızıl alışı həyata keçirilirdisə, bu il qızıl satışı müşahidə olunur. Neft Fondu əvvəlki dövrdə qızıl alırdı, hazırda isə həmin qızılın satışından gəlir əldə edir. Belə əməliyyatlar da ixrac göstəricilərinin artmasına təsir göstərir. Buna görə də mövcud artımı yerli istehsalla və qeyri-neft sektorunun inkişafı ilə birbaşa əlaqələndirmək düzgün deyil. Qeyri-neft sektorunda müəyyən artım olsa da, hələlik bu, əhəmiyyətli göstərici hesab edilə bilməz”.
İqtisadçının sözlərinə görə, idxalın azalması da müəyyən suallar doğurur. Xüsusilə avadanlıq və xammal alışının azalması iqtisadi aktivliyin aşağı düşməsinə işarə edə bilər. O qeyd edib ki, qeyri-neft-qaz ixracında artımın müşahidə olunması hələ ölkənin istehsal imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi demək deyil:
“Qeyri-neft-qaz ixracında qızıl satışının və xammal ixracının rolu daha böyükdür. Pomidorun qiyməti artdığına görə onun satışından əldə olunan gəlir də yüksələ bilər. Meyvə-tərəvəz və digər xammal məhsullarının ixracında artım müşahidə olunur. Lakin bunlar əsasən emal olunmuş, əlavə dəyər yaradılmış sənaye məhsulları deyil. Buna görə də hələlik qeyri-neft sektorunun ciddi inkişafından danışa bilmirik. Ümid edək ki, gələcəkdə istehsal məhsullarının və xidmətlərin ixracı daha sürətlə artacaq”.
Xalid Kərimli əlavə edib ki, xarici ticarət dövriyyəsindəki artımın əhalinin gündəlik həyatına təsiri ixracdan əldə olunan gəlirlərin hansı mexanizmlə iqtisadiyyata yönəldilməsindən asılıdır. Onun sözlərinə görə, neft-qaz və qızıl satışından əldə olunan gəlirlər, əsasən, dövlətin büdcə imkanlarını genişləndirir:
“Neft-qaz və qızıl satışından əldə olunan gəlirlər dövlətin gəlirləridir. Dövlət bu vəsaitləri sonradan büdcə vasitəsilə əhaliyə yönəldir. Məsələn, pensiyaların və minimum əməkhaqqının artırılması üçün dövlətin gəlirlərinin yüksəlməsi vacibdir. Lakin qeyri-neft sektoru zəif inkişaf etdiyi və ixrac artımı əsasən xammal və dövlətin sərəncamında olan resursların satışı hesabına formalaşdığı üçün bu artımı hələlik gündəlik iqtisadi həyatda ciddi şəkildə hiss etmirik. Ümumiyyətlə, ixracın artması müsbət tendensiyadır, amma əsas məsələ istehsalın və qeyri-neft sektorunun inkişafıdır”.
Gülnar Mustafayeva