Ərdoğan Qətər əmiri ilə görüşüb: Türkiyə ilə Qətər arasında 5 saziş imzalanıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüş keçirib. Görüşdə Türkiyə-Qətər münasibətləri və regionda baş verən hadisələr müzakirə olunub. Tərəflər arasında Qəzza zolağındakı humanitar vəziyyət, Suriyanın normallaşma prosesi və Liviyadakı son vəziyyət diqqət mərkəzində olub. Həmçinin müdafiə sənayesi, enerji və iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Ərdoğan Türkiyə ilə Qətər arasında strateji tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasında imzalanmış Qarşılıqlı Müdafiə Sazişinin qardaşlıq münasibətlərinə yeni ölçü qazandıracağını bildirib. Prezident müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinin davam edəcəyini qeyd edib.
Ticarət və enerji sahəsində əməkdaşlığa toxunan Ərdoğan ötən il qüvvəyə minmiş Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin iki ölkəni qarşılıqlı ticarət dövriyyəsinin artırılması hədəfinə yaxınlaşdırdığını bildirib. Türkiyənin Qətərlə enerji sahəsində mövcud əməkdaşlığı inkişaf etdirmək və şaxələndirmək istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən 5 saziş imzalanıb.
İmzalanan sənədlərə istehlakçıların hüquqlarının qorunması, bazara nəzarət və yoxlama sahələrində əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, sülh, barışıq və münaqişələrin həlli istiqamətində qarşılıqlı fəaliyyət, Yüksək Strateji Komitənin 12-ci iclasının birgə bəyanatı və Qarşılıqlı Müdafiə Sazişi daxildir. Sonuncu saziş Ərdoğan və Qətər əmiri tərəfindən imzalanıb.
CNN Türk
Aynur Əhmədli