Nyu-Yorkda Azərbaycan incəsənəti nümayiş etdirilib
BMT Baş Qərargahında azərbaycanlı gənc rəssamların “Mədəni diplomatiya üçün incəsənət: Azərbaycan Şərqlə Qərbin qovuşduğu məkan” sərgisinin açılışı keçirilib. Tədbir Beynəlxalq Novruz Günü münasibətilə təşkil olunub və diplomatlar, səfirlər, BMT rəsmiləri, ABŞ-də təhsil alan azərbaycanlı tələbələr və yerli icma üzvləri iştirak edib. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev Novruzun mədəni əhəmiyyətini vurğulayıb, gənc rəssamlara təşəkkür edib.
Mövzu ilə bağlı beynəlxalq “ALAŞ”ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, sözügedən sərginin adı özlüyündə bir mədəniyyət manifestidir:
“Bu ifadə mədəni-sivilizasiya özünütəyin modelini əks etdirir. Azərbaycan Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşir. Tarixi baxımdan İpək Yolunun üzərində formalaşmış mədəniyyətlərarası körpünün yiyəsidir. Mədəni baxımdan Gündoğarın metafizik dərinliyi ilə Günbatarın rasional estetikası arasında harmoniya yaradır. Azərbaycanın mədəniyyət iqlimi nə tam “Gündoğar”, nə də tam “Günbatr”dır o sintezdir. Muğamla cazın, xalça ornamentləri ilə çağdaş vizual sənətin qovuşması bunun örnəkləri sayıla bilər. Mədəni dialoq platformu, bu ifadə Azərbaycanı “obyekt”likdən çıxarıb, dialoq subyekti kimi təqdim edir. Yəni, biz sadəcə özümüzü göstərmirik, mədəniyyətlər arasında danışırıq. Sivilizasiya körpüsü ideyası “yumşaq güc”ün poetik formuludur. Azərbaycan geosiyasi körpüdən də üstün geokulturoloji körpüyə sahibdir. Azərbaycanın mədəni tanıtım modeli bir neçə özünəxas özəlliklə seçilir. Sintetik təqdimat modeli, yəni bir çox ölkə sərgilərdə ya ənənəni, ya da çağdaşı təqdim edərkən Azərbaycan isə “ənənə + çağdaşlıq + milli kimlik + qlobal dil” formulunu uğurla tətbiq edir. Simvolik zənginlik Azərbaycan sənətində hər detal, ornament, rəng, kompozisiya daşıyır, məsələn: xalça-kosmoqonik model, nar- bolluq və yaşam, od-zərdüştilikdən bəlkə ondan da öncələrdən və ya başqa ünvanlardan gələn ontoloji enerji. Mədəniyyətin “canlı tanıtım”ı statik olmur, çox zaman dinamizm nümayiş etdirir. Yəni musiqi , canlı səhnə ifası, milli atributlar və s. ilə müşayiət olunur. Dövlət və diaspor sinerjisi, Azərbaycan sərgiləri çox vaxt diplomatik missiyalar, diaspor təşkilatları, tələbə birlikləri ilə birgə həyata keçirilir. Bu isə onları milli tanıtım aktına çevirir. Azərbaycanın mədəni diplomatiyasını gücləndirmək üçün bir sıra strateji yönlər önə çıxır. Birincisi, “Davamlı sərgi platformları” yaratmaq: tək-tək tədbirlər yox, davamlı proqramlar. İkincisi, rəqəmsal mədəni diplomatiya: virtual sərgilər, rəqəmsal kolleksiyalar, onlayn kuratorlu platformlar və s. Yəni virtual mühit, zənginləşdirilmiş gerçəklik mühiti, rəqəmsal orijinallıq sertifikatı: bunlar Azərbaycan sənətini coğrafiyadan “azad edir”. Beynəlxalq kurator və institutlarla işbirliyini vurğulaya bilərik. Bu isə qlobal qalereyalarla birgə layihələr, xarici kuratorların Azərbaycan mövzusunda işləməsi nəzərdə tutulur. Bu, tanıtımı “lokal baxış”dan çıxarıb qlobal diskursa daxil edir. Yaradıcılıq məskəni proqramları da üstün vədlər verir. Xarici rəssamların Azərbaycanda işləməsi, Azərbaycanlı gənclərin xaricdə rezidensiyalara göndərilməsi. Bunlar isə ikiyönlü mədəni axını gücləndirmiş edir. Tematik konseptual sərgiləri “Od və kimlik”, “İpək yolu estetikası”, “Post-savaş yaddaşı və sənət” kimi ümumi adlar Azərbaycan incəsənətinin hüdudlarını genişləndirir, sərgini fikir hadisəsinə çevirir. Nəhayət, gənclərin sistemli dəstəyi kuratorluq məktəbləri, gənc rəssamlar üçün qrantlar, xarici sərgilərə çıxış proqramları ilə sonuclanmış yaxud dəstəklənmiş olardı. Uzun sözün qısası, sözügedən sərginin adı özlüyündə bir mədəniyyət manifestidir. Əgər mövcud xətt ardıcıl davam etdirilərsə, Azərbaycan incəsənəti qlobal mədəni dialoqun yönverici aktorlarından birinə çevriləcəkdir”.
Aydan Əsgərxanlı