Ödənilməyən alimentlər sosial problemə çevrilir
Alimentin gecikməsi təkcə bir ailənin yox, bütün cəmiyyətin probleminə çevrilir. Valideynlərin övladlarına qarşı məsuliyyəti yalnız mənəvi deyil, eyni zamanda ciddi maddi öhdəliklərdən ibarətdir. Lakin bu öhdəliklərin bir qismi ya gecikdirilir, ya da ümumiyyətlə yerinə yetirilmir. Nəticədə isə alimentin vaxtında ödənilməməsi həm uşaqların rifahına, həm də cəmiyyətin sosial balansına mənfi təsir göstərir. Məhkəmə qərarı ilə aliment təyin olunsa da, öhdəliyin icra edilmədiyi Hüseynovlar ailəsində olduğu kimi…
Sosioloq Lalə Mehralə mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki, məhkəmələrdə aliment məbləği çox vaxt atanın rəsmi gəlirinə uyğun müəyyən olunur:
“Lakin bəzi hallarda atalar gəlirlərini süni şəkildə azaltmağa çalışırlar. Bunun fərqinə varmırlar ki, alimentin məbləği azaldıqca uşağın həyat şəraiti də pisləşir. Bəziləri elə düşünür ki, aliment yalnız qida və geyim üçündür, amma uşağın inkişafı bununla bitmir”.
Hüquqşünas İradə Cavadova isə “İnformator.az”a açıqlamasında bildirib ki, aliment mövzusunda suistifadə hallarına tez-tez rast gəlinir:
“Bəzi atalar aliment ödəməmək üçün uşağın qəyyumluğunu almağa çalışırlar. Eyni zamanda, bəzi analar aliment məbləği yüksək olanda bundan sui-istifadə halları göstərirlər. Bu hallar yolverilməzdir. 2025-ci ildə alimentin minimum məbləği 246 manat müəyyən edilib, lakin bu məbləğ uşağın yaşından və ehtiyaclarından asılı olaraq bəzən kifayət etməyə bilir”.
Psixoloq Elmir Əkbər mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki, boşanmaların artmasının səbəblərindən biri ailələrin çox zaman gənclərin öz istəyi ilə deyil, valideyn təzyiqi ilə qurulmasıdır:
“Lakin o, digər bir ciddi məqama da diqqət çəkir. Boşanmaların artmasında sosial şəbəkələrin də rolu az deyil. Özünü ‘bloger’, yaxud ‘psixoloq’ kimi təqdim edən qeyri-peşəkar şəxslər yanlış və məsuliyyətsiz məsləhətlər verərək gənc ailələrin münasibətlərinə ziyan vururlar. Xüsusilə qadınlara boşanmanı ‘azadlıq’ kimi təqdim edir, onları yanlış istiqamətə yönəldirlər”.
Fidan Ağayeva
