Ödənişli yolların əsas məqsədi nədir?
Ödənişli yollar nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və tıxacları azaltmaq məqsədilə tətbiq olunur. Bu sistem vasitəsilə sürücülər rahat və keyfiyyətli yollardan istifadə edə bilir, toplanan vəsait isə yolların saxlanmasına yönəldilir. Lakin bu, bəzi sürücülər üçün əlavə xərc yarada bilər.
Mövzu ilə bağlı nəqiliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, ödənişli yol təcrübəsi dünyanın fərqli ölkələrində tətbiq edilir:
“Ödənişli yol tətbiq olunanda onun pulsuz alternativi olmalıdır. Yəni pulsuz alternativi yoxdursa, həmin yol ödənişli ola bilməz. Bu seçimdən asılıdır. Ödənişli yolların ümumi yol şəbəkəsinin saxlanılmasına da müsbət töhfəsi var. Ölkə ərazisindən beynəlxalq nəqiliyyat dəhlizləri keçir. Yükdaşıyan sürücülər üçün pullu alternativ yollar olmalıdır ki, əsas yoldan başqa ödənişli yolla daha sürətli yükdaşınmanı təmin edə bilsin. Bir çox analtik sənədlərdə əgər ölkə beynəlxalq yükdaşımalarda yerə sahibdirsə, pullu ödənişli yolların olması kimi tələb var”.
Ekspert qeyd edib ki, Azərbaycanda 2008-ci ildən sürətli yollar tikilməyə başlayıb:
“Amma 2019-cu ildən ilk ödənişli yol istifadəyə verilib. Növbəti mərhələlərdə onların sayı artacaq. Qarabağda tikilən Əhmədbəyli -Füzuli -Şuşa maqistral yolu və Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz -Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu da ödənişli olması planlaşdırılır”.
Kəmalə Vəliyeva
