Ölüm riskini müəyyənləşdirməyə kömək edən sadə test
Fiziki fəaliyyətdən sonra ürək döyüntüsünün hansı sürətlə azaldığı ürək-damar sisteminin vəziyyəti və ümumi sağlamlıq riskləri haqqında mühüm məlumat verə bilər. Mütəxəssislərin diqqət çəkdiyi ürək döyüntüsünün bərpa göstəricisi sadə üsulla ölçülə bilər. Araşdırmalar bu göstəricinin aşağı olmasının vaxtından əvvəl ölüm riskinin artması ilə əlaqəli olduğunu göstərir.
Pilləkənlə qalxarkən ürəyin sürətlə döyünməsi və ya qaçarkən nəfəsin tez-tez çatmaması fiziki hazırlığın aşağı olmasına işarə edə bilər. Lakin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün yalnız fiziki fəaliyyət zamanı nəbzin necə dəyişdiyinə deyil, məşqdən sonra nə qədər tez normallaşdığına da diqqət yetirmək vacibdir.
Ürək döyüntüsünün bərpası nədir?
Ürək döyüntüsünün bərpası (HRR) fiziki fəaliyyət başa çatdıqdan sonra nəbzin nə qədər azaldığını göstərən göstəricidir. Bu, məşq zamanı qeydə alınan ən yüksək ürək döyüntüsü ilə məşqdən bir dəqiqə sonrakı göstərici arasındakı fərq əsasında hesablanır.
1999-cu ildə ABŞ-ın Klivlend Klinikasında aparılan və altı il davam edən araşdırmada 2 428 nəfərin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, məşqdən sonra ürək döyüntüsü zəif bərpa olunan iştirakçıların tədqiqat dövründə ölüm riski normal göstəriciləri olanlarla müqayisədə təxminən dörd dəfə yüksək olub. Digər risk amilləri nəzərə alındıqdan sonra da bu göstərici ilə ölüm riski arasında əlaqə müşahidə edilib.
Ürək döyüntüsünün bərpasını necə ölçmək olar?
Bu göstəricini hesablamaq üçün saniyəölçənə və nəbzi ölçən cihaza ehtiyac var. Ağıllı saat və ya fitnes izləyicisi ölçməni asanlaşdıra bilər.
İlk növbədə, fiziki fəaliyyət zamanı ürək döyüntüsünün ən yüksək göstəricisi qeydə alınır. Məşq dayandırıldıqdan bir dəqiqə sonra nəbz yenidən ölçülür. İlk göstəricidən ikinci göstərici çıxıldıqda ürək döyüntüsünün bərpa səviyyəsi müəyyən edilir.
Məsələn, məşqdən dərhal sonra nəbz dəqiqədə 150, bir dəqiqə sonra isə 130 olarsa, bərpa göstəricisi 20 döyüntü təşkil edir.
Nəbzi biləkdən və ya boyundakı arteriyadan əllə də ölçmək mümkündür. Bunun üçün 10 saniyə ərzində döyüntüləri sayaraq nəticəni altıya vurmaq olar. Bununla belə, bu üsul təxmini nəticə verir və məşqdən dərhal sonra ölçmə zamanı dəqiqliyi qorumaq çətin ola bilər.
Hansı göstərici normal hesab olunur?
Ürək döyüntüsünün məşqdən sonra daha sürətlə azalması, ümumiyyətlə, daha yaxşı fiziki hazırlıqla əlaqələndirilir. Bəzi qiymətləndirmələrdə ilk dəqiqədə nəbzin ən azı 18 döyüntü azalması yaxşı bərpa göstəricisi kimi təqdim olunur. Bununla belə, tibbi tədqiqatlarda istifadə olunan hədlər məşqin necə başa çatdırılmasından və ölçmə şəraitindən asılı olaraq dəyişir.
Klivlend Klinikasının 1999-cu ildə apardığı araşdırmada ilk dəqiqədə nəbzin 12 və ya daha az döyüntü azalması anormal göstərici kimi qiymətləndirilib. Bu nəticə ürək-damar xəstəlikləri və digər sağlamlıq problemləri riskinin araşdırılması üçün əlavə siqnal sayıla bilər. Lakin təkcə bu rəqəm əsasında insanda xəstəlik olduğunu və ya ölüm riskinin konkret səviyyəsini müəyyən etmək mümkün deyil.
Ürək döyüntüsü niyə gec normallaşır?
Bu prosesdə əsas rol oynayan mexanizmlərdən biri ürək fəaliyyətini tənzimləyən vegetativ sinir sistemidir. Fiziki fəaliyyət zamanı simpatik sinir sistemi aktivləşir, ürək daha sürətlə döyünür və əzələlərə daha çox oksigen çatdırılır. Məşq dayandırıldıqdan sonra isə parasimpatik sinir sisteminin, o cümlədən azan sinirin (vaqus siniri) fəaliyyəti güclənərək ürək döyüntüsünün azalmasına kömək edir.
Bədənin bu sistemlər arasında keçidi nə qədər səmərəli həyata keçirməsi fiziki hazırlıq və ümumi sağlamlıq haqqında məlumat verə bilər. Ürək döyüntüsünün gec bərpası isə ürək-damar problemləri ilə yanaşı, digər amillərlə də əlaqəli ola bilər.
Bərpa göstəricisini yaxşılaşdırmaq mümkündürmü?
Mütəxəssislər ürək-damar sisteminin sağlamlığını qorumaq üçün müntəzəm fiziki fəaliyyəti tövsiyə edirlər. İmkan və fiziki hazırlıq səviyyəsindən asılı olaraq sürətli gəzinti, velosiped sürmək, üzgüçülük və qaçış faydalı ola bilər. Fiziki fəaliyyətin intensivliyi tədricən artırılmalı, fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Ürək döyüntüsünün bərpası zəifdirsə, nəticəni təkrar-təkrar özbaşına yoxlamaq əvəzinə həkimə müraciət etmək və ürək-damar risklərini qiymətləndirmək məqsədəuyğundur. Məşq zamanı sinə ağrısı, başgicəllənmə, sıxılma hissi və ya fiziki yükə uyğun olmayan nəfəs darlığı yaranarsa, fəaliyyəti dərhal dayandırmaq lazımdır.
Qeyd edək ki, ürək döyüntüsünün bərpası ümumi sağlamlıq vəziyyətini qiymətləndirməyə kömək edən göstəricilərdən biridir. O, həkim müayinəsini və tibbi müayinələrlə müəyyən edilən risk faktorlarının qiymətləndirilməsini əvəz etmir.
Elmira Ağayeva