Oman ilə Azərbaycan arasında ikiqat vergitutma halları aradan qaldırıla bilər
Oman və Azərbaycan arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan saziş Oman parlamentinin aşağı palatası olan Şura Məclisinin gündəliyinə daxil edilib. Sənədin qəbul ediləcəyi təqdirdə, iki ölkə arasında investisiya mühitinin daha da yaxşılaşacağı və iqtisadi əməkdaşlığın hüquqi əsaslarının möhkəmlənəcəyi gözlənilir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bu sazişin əsas məqsədi eyni gəlirin hər iki ölkədə vergiyə cəlb olunmasının qarşısını almaqdır. Yəni şəxs və ya şirkət gəlirini Omanda vergiyə cəlb etdiribsə, həmin gəlirə görə Azərbaycanda yenidən tam məbləğdə vergi ödəmir:
“Məsələn, Azərbaycanda gəlir vergisi 14 faizdirsə, Omanda isə 16 faiz vergi ödənilibsə, Azərbaycanda əlavə vergi ödənilmir. Əgər Omanda 9 faiz vergi ödənilibsə, Azərbaycanda yalnız qalan 5 faiz ödənilir. Beləliklə, eyni gəlir üzrə ikiqat vergitutma aradan qalxır. Bu saziş qüvvəyə mindikdən sonra investorlar və sahibkarlar üçün vergi baxımından qeyri-müəyyənlik azalacaq. Bu da investisiya axınının artmasına və biznes mühitinin daha cəlbedici olmasına şərait yarada bilər. Çünki eyni gəlirə görə iki ölkədə tam həcmdə vergi ödəmək sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Saziş bu problemin qarşısını alır. Əlbəttə, bu proses müvafiq vergi hesabatlarının təqdim olunması ilə həyata keçirilir və ödənilmiş vergilər rəsmi qaydada təsdiqlənməlidir. Saziş ilk növbədə investorlar və sahibkarlar üçün əlverişli hüquqi mühit yaradır. Xüsusilə Azərbaycan və Oman arasında fəaliyyət göstərmək istəyən şirkətlər üçün vergi yükünün aydın şəkildə tənzimlənməsi biznes qərarlarını asanlaşdırır. Bu razılaşma həm Oman sahibkarlarının Azərbaycanda, həm də Azərbaycan sahibkarlarının Omanda fəaliyyət göstərməsi üçün daha əlverişli şərait yarada bilər. Bununla yanaşı, əməkdaşlığın hüquqi bazasını möhkəmləndirir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Oman regionun mühüm logistika və dəniz nəqliyyatı mərkəzlərindən biridir:
“Ölkə Hörmüz boğazına çıxışı olan strateji mövqeyə malikdir və bu baxımdan beynəlxalq ticarətdə mühüm rol oynayır. Bundan əlavə, Oman böyük maliyyə və investisiya imkanlarına malik dövlətdir. Gələcəkdə Oman investisiya fondlarının Azərbaycanın qeyri-neft sektoruna marağının artması mümkündür. Lakin qeyd etmək lazımdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş öz-özlüyündə investisiyaların avtomatik artması demək deyil. Bu saziş yalnız əməkdaşlığın genişlənməsi üçün etibarlı hüquqi baza yaradır. Tərəflər iqtisadi əlaqələri inkişaf etdirmək istədikdə, belə bir hüquqi mexanizmin mövcudluğu investisiyaların və qarşılıqlı biznes fəaliyyətinin genişlənməsini asanlaşdırır”.
Güllər Gülhüseynova