Onlar nə vaxtsa məni bağışlayacaqmı?
Yaşım lap az olanda, hələ məktəbə getmədiyim dövrlərdə kitabları çantama yığır, arabir oxuyurmuş kimi edib, özlüyümdə oyunlar oynayırdım. Əlbəttə, o vaxtlar kitabların mahiyyətini dərk edə bilmirdim. O vaxtlar mənə görə kitab anlayışı yalnız "dərsliklər"dən ibarət idi. Məktəbə başlayandan sonra dərsliklərə sahib olduğum üçün yalnız onları əzizləyir, yalnız onlarla vaxt keçirirdim. Uşaqlıq dostlarım olan kitablar isə tamamilə unudulmuşdu. Elə bu günə qədər...
Nənəmgilə gəlmişdim, söhbətlərdən sonra otaqda gəzişməyə başladım. Adətim üzrə pəncərəyə tərəf yaxınlaşıb, baxçanı seyr edəcəkdim. Küləyin uğultusu və soyuq şüşə arxasından xoş gəlirdi. Gözlərim bir anda pəncərənin kənarında olan kitaba sataşdı. Maraqlı gəldi, səhifələrini vərəqləməyə başladım. Şeir kitabı olduğu üçün diqqətimi daha çox çəkdi. “Bir salama dəymədi”... Aha, deməli, Vahabzadənin kitabıdır? Xəyalən uşaq vaxtı mənə oxunan bu şeri xatırladım. Sonralar özüm çox oxumuşdum, ancaq indi qulaqlarımda səslənən yalnız o səs idi. Ya da bilmədən elə özüm oxumuşdum bəlkə? Kitablar yadıma düşdü, illər əvvəl balaca qızın çantasında gəzən, indi isə tozların altında inildəyən o kitablar. Gözümə heçnə görünmədən dərhal zirzəmiyə qaçdım, hardadı axı onlar? Tapdığım bir qutuda o “xəzinəni” görəndə xoşbəxtlikdən özümü o balaca qızcığaz kimi hiss elədim, lakin təəssüf ki, o kitablardan yalnız bir qutu qalmışdı, yalnız bircə qutu.... Mən onların hamısını xilas edə bilməmişdim. Bir zaman ayrılmaz dostlarım olan kitablar indi mənə çox uzaq idi... İllərdir tək qoyduğum kitabların iniltisiylə ağladım... Hələ təmizləməyə belə fürsət tapa bilmədiyim kitabları gözyaşlarım islatdı. Vicdanım bir daha mənə küsdü bu gün. Bilmirəm, onlar nə vaxtsa məni bağışlayacaqmı???
