00:00:00
Yazar
Nərmin Həşimova
18.04.2026 14:34 38 8 dəq oxuma
Maraqlı

Sözünüz kəsərli, məsləkiniz aydın, qələm yoldaşlarım!

Sözünüz kəsərli, məsləkiniz aydın, qələm yoldaşlarım!

Bugünkü milli mətbuatımızın inkişafına və təməlinin qoyuluşuna görə Zərdabiyə, Ünsizadə qardaşlarına, Mirzə Cəlilə çox borcluyuq. Ruhunuz şad, qəbriniz nurla dolsun, vətən oğulları!
 
Mətbuatın ictimai-mədəni faydasını, onun sosial-siyasi əhəmiyyətini qiymətləndirən klassiklərimiz, həmçinin onların ənənələrini davam və inkişaf etdirən digər jurnalist və publisistlər özlərindən sonra zəngin bir irs qoyub getmişlər. Lakin indiyədək bu irsin böyük bir hissəsi lazımi səviyyədə öyrənilməyib və geniş ictimaiyyətin diqqətinə çatdırılmayıb.


Bildiyimiz kimi, artıq XIX əsrin ortalarından Azərbaycanda maarifçilik hərəkatının güclənməsi ölkədə ictimai, siyasi, mədəni mühitin inkişafına böyük təkan verdi. Azərbaycan ziyalıları elm, təhsil uğrunda mübarizəyə qoşuldular. Əsrin ikinci yarısında milli mətbuatın yaranması zərurəti ortaya gəldi.
Tərəqqipərvər, millətsevər Azərbaycan ziyalıları “Əkinçi” qəzetinin nəşrini böyük ruh yüksəkliyi ilə qarşıladılar. Belə ziyalılarımız arasında M.F.Axundov, S.Ə.Şirvani, Əsgərağa Gorani, F.Köçərli, N.Vəzirov, Səid, Cəlal və Kamal Ünsizadə qardaşlarının adlarını iftixarla çəkmək olar. Onlar Azərbaycanda təhsilin, ədəbiyyatın, mədəniyyətin inkişafına yardım etmək üçün bir sıra sahələrdə uğurlu addımlar atdılar. Çar hökuməti orqanlarının inadlı müqavimətinə baxmayaraq, tərəqqipərvər Azərbaycan ziyalıları əsrin ikinci yarısında ölkənin mədəni inkişafı üçün ciddi səylər göstərdilər.


XIX əsrin ikinci yarısında özünün faydalı əməyi ilə fərqlənən ziyalılarımızdan biri də Cəlal Ünsizadə idi. Dövrün görkəmli ədəbiyyatşünas alimi, pedaqoqu F.Köçərlinin təbirincə desək, Cəlal Ünsizadənin mətbuat və ədəbiyyat aləminə gəlişi azərbaycanlıların “milli intibahının sübh çağına” təsadüf edirdi. Cəlal Ünsizadəsinin mətbuat tariximizdəki mövqeyi və ədəbi yaradıcılığı bunu deməyə əsas verir ki, onun jurnalistlik, şairlik, redaktorluq fəaliyyəti Azərbaycanda maarifçilik ideyalarının yayılmasında müsbət rol oynamışdır. O, mədəni mühitin və mətbuatın inkişafına yeni istiqamətlər vermək, mövzu dairəsini genişləndirmək, xalqın mənəvi ehtiyaclarını təmin etmək məqsədilə çətin bir şəraitdə fəaliyyətə başlamışdır. Dövrün mühüm siyasi-ictimai, ədəbi-mədəni hadisələrinin təsiri ilə yaşayan Ünsizadə sonralar siyasi xadim kimi yetişir, özünün fəaliyyət dairəsini genişləndirir. O, müəllimlik edir, yeni tipli məktəblər üçün dərsliklər hazırlayır, ictimai məsələlərə dair publisistik məqalələr yazır, müxtəlif əcnəbi dilləri öyrənərək Qərb və Şərq ədəbiyyatı klassiklərinin əsərlərindən tərcümələr edirdi.
 
Beləliklə, C.Ünsizadə Azərbaycan mətbuatı və ədəbiyyatı tarixində bacarıqlı jurnalist, redaktor, şair, Avropa və Şərq ədəbiyyatının mükəmməl tərcüməçisi kimi qaldı. Lakin təəssüflə qeyd etmək lazımdır ki, onun çoxşaxəli fəaliyyəti lazımi səviyyədə öyrənilməmiş, ədəbi irsi geniş ictimaiyyətin diqqətinə çatdırılmamışdır. Bəzi tədqiqat əsərlərində, müəyyən münasibətlə deyilmiş fikirlərdə C.Ünsizadənin fəaliyyətinə birtərəfli yanaşılmış, zamanın, mühitin təsirləri nəzərə alınmamışdır. Bəziləri onu “Əkinçi” ənənələrindən uzaqlaşaraq ziddiyyətli, prinsipsiz mövqe tutmaqda, bəziləri isə “maarif və mədəniyyət məsələlərini də dini baxımdan işıqlandırmaqda” günahlandırmışlar. Bu və ya buna oxşar fikirlərə bir sıra tədqiqatlarda rast gəlmək mümkündür. Bu da təbii haldır. Çünki bu tədqiqatların əksəriyyəti sovet dövründə yazıldığı üçün dövrün ideya-siyasi tələblərinə uyğunlaşdırılıb. Ünsizadə qardaşları haqqında daha obyektiv fikirlər görkəmli alimlərimizdən Ə.Mirəhmədov, Ş.Qurbanov və A.Zeynalzadə tərəfindən söylənilib. Bütün bu uyğunsuzluqları aradan qaldırmaq, C.Ünsizadənin fəaliyyətini hərtərəfli öyrənmək üçün bu sahədə tədqiqatların davam etdirilməsi zəruridir.


H.Zərdabinin yaradıcılıq ənənələrini davam və inkişaf etdirən Azərbaycan mütəfəkkirlərindən olan Ünsizadə qardaşları “Əkinçi”dən sonra fəaliyyət meydanına atılmışlar. Ünsizadələr ailəsinin övladları olan Səid, Cəlal və Kamal qardaşları Şamaxıda anadan olmuş və ilk təhsillərini ataları Əbdürrəhman əfəndidən almışlar. Əbdürrəhman əfəndi Şamaxının tanınmış ziyalılarından biri olmuş, “Ünsi” təxəllüsü ilə şeirlər yazmışdır. O, övladlarını dövrün əksər valideynlərindən fərqli olaraq, tez-tez ədəbi məclislərə aparmış, yeni ruhda böyütmüş, övladlarının təhsilinə xüsusi diqqət yetirmiş, onların müxtəlif təhsil ocaqlarında oxumasına şərait yaratmışdır.
1877-ci ildə böyük qardaş Səid əfəndi Tiflisdə yerləşən Zaqafqaziya Ruhani idarəsinə ezam olunur və orada müvəffəqiyyətlə sərəncamları yerinə yetirir. 1884-cü ilə qədər S.Ünsizadə Tiflisdə yaşayır. Tiflisdə yaşadığı müddətdə o dövrün tanınmış ziyalıları ilə tanış olmuş, müxtəlif ədəbi məclislərdə yaxından iştirak etmiş və mətbuat aləminə maraq göstərmişdir. Elə ona görə də 1878-ci ilin dekabr ayının 4-də “Ziya” adlı qəzet nəşr etmək üçün Qafqaz senzura komitəsinə ərizə ilə müraciət edir və tezliklə öz istəyinə çatan S.Ünsizadə qəzetin nəşrinə kömək etmək üçün qardaşı Cəlal Ünsizadəni də bu işə cəlb edir. 1876-cı ilin sonlarında Cəlal Tiflisə köçməli olur.

C.Ünsizadə Tiflisdə yaşadığı və mətbuat sahəsində çalışdığı illərdə elmi, maarif, mədəniyyəti inkişaf etdirmək üçün mətbuata, xüsusilə qəzetə böyük əhəmiyyət verirdi. O, redaktor, jurnalist və tərcüməçilik fəaliyyəti ilə kütlələrin dünyagörüşünün inkişafına təsir göstərməyə, onların mədəni səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirirdi.


C.Ünsizadə Azərbaycan milli mətbuatının yaranma və inkişafında H.Zərdabinin xidmətlərini alqışlayaraq, onun “Əkinçi” qəzetini milli mətbuatın bünövrəsi adlandırırdı. O, yaxşı başa düşürdü ki, mədəni cəhətdən geri qalmış məmləkətdə uğurlu mətbu fəaliyyətlə məşğul olmaq çox çətindir. Çünki qəzet və jurnal sütunlarını boş sözlərlə doldurmaq, faydalı və zəruri olmayan məsələlərdən söhbət açmaq elə də ciddi qəhrəmanlıq tələb etmir. İnsanların şüurunu dəyişmək, onların həyata baxışlarına təsir etmək üçün gərgin işləmək, faydalı təkliflər irəli sürmək və ağlabatan nümunələr göstərmək lazımdır.
 
Ünsizadəyə görə, mətbuat da başqa maarif və mədəniyyət ocaqları kimi, xalq kütlələrinin gözünü açır, onu oxumağa alışdırır, onun mədəni yüksəlişinə təkan verir. O, “Kəşkül”ün də məhz belə bir vəzifəyə xidmət edəcəyini jurnalın 3-cü nömrəsində yazmışdı: “ “Kəşkül” oxunması asan olan faydalı mətalib və məqalatı cəm olmaqla oxumamaq nöqsanına giriftar olan bu tərəf müsəlmanlarını mütaliə və qiraət etməyə rağib edəcəkdir.
 
Sovet dövrün yazılan tədqiqatların əksəriyyətində isə C.Ünsizadənin bu xeyirxah niyyətinə kölgə salınmışdır. Bildiyimiz kimi, “Kəşkül” haqqında bir çox tədqiqçılar yazmışlar. İlk obyektiv fikirlərdən biri də yazıçı-tədqiqatçı Mirzə İbrahimovun “Böyük demokrat” əsərində söylənilmişdir. Sonralar isə “Kəşkül”ə ədəbiyyatşünas alimlərimizdən Şıxəli Qurbanov, Əziz Mirəhmədov, Abbas Zamanov, Şamil Qurbanov, Ağarəfi Zeynalzadə, Xeyrulla Məmmədov, Nəriman Zeynalov və başqaları müraciət etmişlər. Onlar “Kəşkül”ün Azərbaycanda ictimai və bədii fikir tariximizdəki mövqeyini təyin etməyə çalışmışlar və buna nail olmuşdular. Baxmayaraq ki, bəzi faktlarda uyğunsuzluq, qeyri-dəqiqlik var. Bütövlükdə isə bu əsərlər Azərbaycan mətbuatı və ədəbiyyatı tarixini öyrənməkdə mühüm rol oynayırlar.
 
Beləliklə, keçən əsrin 70-ci illərində “Əkinçi” ilə əsası qoyulan milli mətbuatın bir çox müsbət ənənələrini “Kəşkül” inkişaf və davam etdirmişdi. Biz yuxarıda qeyd etdik ki, Cəlal Ünsizadə mətbuat aləminə gələrkən ilk olaraq mətbəədə çalışıb. 1882-ci ildən isə o, mətbəəyə rəhbərlik etmişdir. “Kəşkül”ü də burada çap edən redaktor, mətbəə Şamaxıya köçdükdən sonra “Kəşkül”ü bir müddət Kramarenkonun, sonra Martrosyansın, daha sonra isə özünün şəxsi mətbəəsində çap etdirmişdir. Redaktor özünün şəxsi mətbəəsini yaratmaq üçün bir neçə il çalışmış və nəhayət buna nail olmuşdur. C.Ünsizadə mətbəəsini də qəzetinin adı ilə “Kəşkül” mətbəəsi adlandırmışdır. Əslində C.Ünsizadənin bu mətbəəni yaratmaqda məqsədi yalnız qəzet çap etmək deyildi. Qəzetlə yanaşı digər çap məhsullarına da burada yer verilmişdir. Redaktor bu haqda “Rəfi-namə” adlı məqaləsində yeni yaratdığı mətbəənin qarşısında duran vəzifələr haqqında yazırdı: “Burada bir islam mətbəəsi ehdas elədiyimizdən məqsudumuz sadəcə qəzet təb və nəşr eləməkdə deyildir. Millətdaşlarımız qəzetə və övraqi-həvadisdən ziyadə maarifə xidmət edən təlim kütüb və risailinə möhtac olduqları üçün bu yolda dəxi səy və əməyimizi düruğ tutmayacayıq”.
 
Deməli, mətbəə kitab çapı üçün də çox faydalı işlər görüb. Belə ki, bu kitabların arasında Azərbaycan məktəbləri üçün dərsliklər, ədəbi-bədii əsərlər, təqvim və b. materiallar da diqqəti cəlb edir. Mətbəədə bunlarla yanaşı M.Füzulinin “Leyli və Məcnun” poeması, Ə.Adıgözəlovun (Goraninin) “Qocalıqda yorğalıq” pyesi, məşhur “Kəlilə və Diminə” hekayələri ilə yanaşı dünya klassiklərinin də əsərləri çap olunub.
 
“Kəşkül”ün kitab çap mədəniyyəti sahəsində gördüyü bu işlər həm də M.F.Axundovun və M.S.Vazehin arzularını həqiqətə çevirdi. Lakin sovet dövründə tədqiqatçılar redaktorun mətbəəsində çap olunan bu kitabların əksəriyyətinin dini mövzuda olduğunu ona irad tutaraq yazırdılar: “Cəlal Ünsizadənin dünyagörüşündəki məhdud cəhətlər “Kəşkül” mətbəəsinin işində də özünü göstərirdi. Onun buraxdığı faydalı kitablar sırasında, həmçinin köhnə sxolastik mahiyyətdə olan əsərlər də var idi”.
 
Bizə elə gəlir ki, bunun səbəbi yalnız C.Ünsizadənin dini baxışları deyildi. Burada senzuranın da böyük rolu olub. Çünki hökumət dairələri xalqın maariflənməsini o qədər də yaxşı hal kimi qarşılamırdılar. Dini mövzuda çap olunan kitabların çoxluğu onları qane edirdi. Mətbəənin senzuranın ciddi nəzarəti altında fəaliyyət göstərməsi haqqında oxuyuruq: “…mətbəə senzuranın ciddi nəzarəti altında öz işini davam etdirmiş, vaxtaşırı hakim orqanların yoxlamalarına məruz qalmışdır. Qafqazın baş rəisinin dəftərxanası, senzura idarəsi, mətbəələr və kitab satışı üzrə müfəttişlik, Tiflis polismeystri və b. mətbəədə çap olunan materialların məzmununu, ideya istiqamətini izlədikləri kimi, mətbəənin işləməsi üçün zəruri olan avadanlığın dəyişdirilməsi, təzələnməsi və b. işlərin görülməsini də nəzarət altında saxlayırdılar”.
 
Qəzet bağlandıqdan sonra da mətbəə hökumətin ciddi nəzarəti altında olub. Tədqiqatçı alim N.Axundov bu haqda yazırdı: “Qəzet bağlandıqdan sonra da fəaliyyətini davam etdirən mətbəə daha ciddi nəzarətə məruz qaldı. Belə ki, təkcə 1892-ci ildə onda 84 dəfə yoxlama aparılmışdı”.
 
Deməli, qəzet bağlanmamışdan əvvəl də, sonra da mətbəəyə çar senzura komitəsi tərəfindən güclü nəzarət olub. Bu da qəzetin vaxtlı-vaxtında çap olunmasına, işçilərinin fəaliyyətinə öz pis təsirini göstərirdi. Odur ki, “Kəşkül”ün tirajı ildən-ilə azalırdı. Hətta C.Ünsizadə də bu vəziyyətdən çıxmaq üçün H.Zərdabi kimi qəzetini tək yığmaq məcburiyyətində qalmış, onu daşbasma üsulu ilə çıxarmaq qərarına gəlmişdir. Bu haqda Qafqaz Senzura Komitəsində şərq dilləri üzrə senzor vəzifəsində çalışan Mirzə Şəri Mirzəyev də yazırdı: “Kəşkül”ün redaksiyası Varansov heykəlindən solda, binanın birinci mərtəbəsində yerləşən iki alaqaranlıq otaqdan ibarət idi. Otağın ortasında yemək masası qoyulmuş, divara yazı stolu söykədilmişdi. O biri otaq yataq otağı idi… Məlum olur ki, redaksiyanın heyətini iki nəfər redaktor və katib təşkil edirdi. Əsas işləri də redaktor özü görür”.
 
Bu çətinlikdən yaxa qurtarmaq, qəzetin işini nisbətən asanlaşdırmaq üçün redaktor Qafqaz senzura komitəsinə dəfələrlə müraciət etmişdir. Senzura komitəsi isə hər vasitə ilə qəzetin çapına mane olmaq üçün bəhanələr axtarırdı. Əlbəttə, hökumət dairələri ilə yanaşı, qəzetin bağlanmasını və mətbəənin öz fəaliyyətini dayandırmasını maarifin, elmin əleyhdarları da istəyirdi. Çünki xalqın cəhalətdən oyanması onlara sərf etmirdi. Xalqı köhnə qayda-qanunlarının əsarəti altında saxlamaq onlara daha çox əl verirdi.
 
Beləliklə, on ilə yaxın bir müddətdə çap olunan “Kəşkül”ün nəşri 1891-ci ilin noyabr ayında həmişəlik olaraq dayandırıldı. “Kəşkül”ün bağlanması çar hökumətinin və yerli dairələrin Azərbaycanda sürətlə inkişaf edən ictimai, siyasi, bədii fikrini boğmaq siyasətini göstərən faktlardan biri yox, birincisidir desək məncə, heç də yanılmarıq…
 
İllər, əsrlər keçdi. Bu gün xalqına xidmət edən saysız-hesabsız “Kəşkül”lər fəaliyyətdədir, azad sözün, demokratik dövlətin keşiyindədir. Sözünüz kəsərli, dövlətiniz qüdrətli olsun, əziz məsləkdaşlarım qələm yoldaşlarım!


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#mətbuat #əkinçi #ünsizadələr #zərdabi #kəşkül
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər