Onlara da tələbə kartı veriləcək
Tələbə plus kartının əhatə dairəsi genişləndirilir. Kollec və peşə məktəblərində də təhsil alanlara da güzəştli tələbə kartları veriləcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, son dövrlərdə tələbələr üçün nəzərdə tutulan “Tələbə Plus” kartının əhatə dairəsinin genişləndirilməsi mühüm sosial təşəbbüs kimi diqqət çəkir:
“Artıq yalnız universitet tələbələri deyil, həm də kollec və peşə məktəblərində təhsil alan gənclərin bu imkandan yararlana bilməsi nəzərdə tutulur.
Bu təşəbbüsün əsas məqsədi tələbələrin gündəlik xərclərini azaltmaq və onların sosial rifahını yaxşılaşdırmaqdır.
Tələbələrin ən çox xərc çəkdiyi sahələr nəqliyyat, qidalanma və gündəlik ehtiyaclardır. Güzəştli kartın bu sahələri əhatə etməsi tələbələrin aylıq büdcəsinə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərə bilər. Xüsusilə, regionlardan gələn və ya əlavə maddi dəstəyə ehtiyacı olan tələbələr üçün bu kart ciddi kömək rolunu oynayacaq. Bu baxımdan təşəbbüsü real və praktik dəstək kimi qiymətləndirmək olar”.
Ekspert kartın imkanları gələcəkdə genişləndirilməsi ilə də bağlı fikirlərini bizimlə bölüşüb:
“Düşünürəm ki, bu kartın potensialı kifayət qədər böyükdür. Gələcəkdə yalnız nəqliyyat və qida sahəsi ilə məhdudlaşmayaraq, kitab mağazaları, təhsil kursları, texnologiya məhsulları və hətta mədəniyyət obyektləri (teatr, kino və s.) üzrə də endirimlərin tətbiqi mümkündür. Bu isə tələbələrin həm akademik, həm də sosial inkişafına əlavə töhfə verə bilər.
Bu layihənin effektiv olması üçün bir neçə vacib məqam nəzərə alınmalıdır. Kartın istifadəsinin maksimum sadə və əlçatan olması, daha çox müəssisə və xidmət sahələrinin bu sistemə qoşulması, endirimlərin real və hiss olunan səviyyədə olması, tələbələrin məlumatlandırılması və maarifləndirilməsi, nəzarət və şəffaflığın təmin edilməsi kimi rahat olmalıdır.
Nəticə etibarilə, “Tələbə Plus” kartının genişləndirilməsi gənclərin sosial rifahını yaxşılaşdırmaq istiqamətində atılan müsbət addımdır. Düzgün tətbiq və davamlı inkişafla bu təşəbbüs tələbələrin həyatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər”.
Səadət Əlizadə