Onlayn təhsil: imkanlar və məhdudiyyətlər
Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sahəsinə də ciddi təsir göstərib. Xüsusilə, pandemiya dövründə onlayn təhsil sistemi bir çox ölkələrdə əsas alternativə çevrilib. Dərslərin internet üzərindən keçirilməsi həm müəllimlər, həm də şagirdlər üçün yeni imkanlar yaratdı, eyni zamanda müəyyən çətinlikləri də üzə çıxardı. İnternet bağlantısı, diqqətin yayınması, praktiki dərslərin azlığı kimi problemlər bu sistemin effektivliyi ilə bağlı sualları gündəmə gətirib.
Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, onlayn təhsilə yanaşanda gərək biz məsələyə quru, akademik çərçivədən yox, birbaşa həyatın içindən baxaq:
“Bu gün artıq onlayn təhsil bir seçim yox, zərurətdir, amma burada əsas məqam odur ki, biz bu alətdən necə istifadə edirik. Onlayn dərslərin şagirdin bilik səviyyəsinə təsiri birbaşa o dərsin necə qurulmasından və valideyn-müəllim əməkdaşlığından asılıdır. Əgər biz ənənəvi sinifdəki 45 dəqiqəlik darıxdırıcı mühazirəni olduğu kimi "Zoom"a köçürürüksə, təbii ki, orada effektivlikdən danışmaq çətindir. Şagird bir müddətdən sonra ekrana baxmaqdan yorulur, diqqəti yayınır, motivasiyası düşür. Amma onlayn format bizə elə imkanlar verir ki, ənənəvi dərsdə biz onu edə bilmirik- interaktiv simulyasiyalar, dünyanın o başında olan mənbələrə saniyələr içində çatmaq, hər bir şagirdin sürətinə uyğun fərdi yanaşma. Bu, düzgün qurulanda şagirdin həm biliyini, həm də ən əsası müstəqil öyrənmə bacarığını artırır. "Onlayn təhsil ənənəvi təhsili tam əvəz edə bilərmi?" sualına gəlincə, bir-birini inkar edən yox, tamamlayan tərəflərdir. Məktəb təkcə bilik yeri deyil, həm də canlı ünsiyyət, sosiallaşma, o sinif mühitində yaranan emosional bağdır. Bunu heç bir ekran, süni intellekt tam əvəz edə bilməz. Amma gələcək "hibrid təhsil"dədir. Yəni nəzəriyyəni, bazanı onlayn öyrənib, məktəbdə isə o biliyi müzakirə etmək, layihələr qurmaq, bir sözlə, canlı təması daha kreativ işlərə sərf etmək lazımdır. Biz artıq "ya o, ya bu" seçimindən qurtulub, ikisinin də yaxşı tərəflərini birləşdirməliyik. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün isə biz ilk növbədə "texniki baryerləri" aşmalıyıq. Bölgələrdəki internet problemi, avadanlıq çatışmazlığı həll olunmalıdır ki, imkan bərabərliyi yaransın. Amma məsələ təkcə sürətli internet deyil, həm də məzmunun "milliləşdirilməsi"dir. Bizim dildə keyfiyyətli, maraqlı, uşaqları ekrana bağlayacaq rəqəmsal resurslar çox azdır. Müəllimlərimiz onlayn alətlərlə işləməyi bir yük kimi yox, işlərini asanlaşdıran bir dost kimi görməlidirlər. Bunun üçün də genişmiqyaslı, praktiki təlimlər şərtdir. Dövlət səviyyəsində onlayn təhsilin hüquqi bazası daha da möhkəmlənməli, bu platformalar rəsmi bir status almalıdır ki, həm müəllim, həm şagird bu sistemə ciddi yanaşsın. Qısası, biz rəqəmsallaşmanı sadəcə dərs keçmək üçün yox, təhsildə keyfiyyəti kökündən dəyişmək üçün bir şans kimi görməliyik”.
Psixoloq Nabat Mirzəyeva qeyd edib ki, onlayn təhsil müasir dövrün reallığıdır və düzgün qurulduqda kifayət qədər effektiv ola bilər:
“Lakin bu effektivlik yalnız texniki imkanlarla deyil, daha çox davranış və psixoloji faktorlarla bağlıdır. Onlayn dərslərdə diqqətin tez-tez yayınmasının əsas səbəblərindən biri öyrənmə mühitinin düzgün təşkil olunmamasıdır. Məsələn, ev şəraiti adətən istirahət və rahatlıqla əlaqələndirilir. Bu mühitdə telefon, sosial media və ailə üzvlərinin səsi kimi amillər şagirdin diqqətini yayındırır. Nəticədə beyin eyni anda bir neçə stimulla qarşılaşır və fokus zəifləyir. Digər tərəfdən, onlayn dərslərdə passiv dinləmə üstünlük təşkil edir. Şagird sadəcə ekran qarşısında məlumatı qəbul edir, lakin aktiv iştirak, sual vermək, müzakirə etmək və ya fiziki hərəkət az olur. Bu da öyrənmənin keyfiyyətini aşağı sala bilər. Vizual və fiziki aktivliyin məhdud olması diqqətin uzun müddət saxlanmasını çətinləşdirir. Buna görə də onlayn təhsilin effektiv olması üçün uyğun öyrənmə mühiti yaradılmalıdır. Şagird dərsə ciddi yanaşmalı, diqqət yayındırıcı faktorlar minimuma endirilməlidir. Eyni zamanda, onlayn dərslərdə şagirdlərin daha passiv olmasının əsas səbəblərindən biri sosial əlaqələrin zəifləməsidir. Ənənəvi məktəb mühitində şagirdlər müəllim və sinif yoldaşları ilə birbaşa ünsiyyətdə olur, fasilələrdə sosiallaşır və bu da onların aktivliyini artırır. Onlayn mühitdə isə bu ünsiyyət məhdudlaşır və nəticədə şagirdlərin dərsə marağı və iştirakı azala bilər”.
Cavahir Əsgərbəyli