Xəzər geri çəkilməyə davam edir
Xəzər dənizində suyun səviyyəsinin azalması prosesi davam edir. Rusiyanın “Yeni Delta 2026” ekspedisiyasının nəticələri göstərir ki, dəniz sahillərində geriçəkilmə sürətlənib, yeni adalar formalaşır və mövcud adaların sahəsi genişlənir. Alimlər bunu Xəzərdə ekoloji və coğrafi dəyişikliklərin davam etdiyinin göstəricisi hesab edirlər.
Mövzu ilə bağlı coğrafiya üzrə fəlsəfə doktoru, alim Həsən Nəbiyev “İnformator.az”saytına açıqlamasında bildirib ki, bu prosesin birbaşa iqlim sirkulyasiyası ilə bağlı olduğunu bildirib:
“Xəzər dənizində su səviyyəsinin dəyişməsi əsasən çaylardan gələn suyun həcmi, yağıntıların miqdarı və buxarlanma səviyyəsi ilə bağlıdır. Bu proseslərə isə iqlim şəraiti və hava dəyişiklikləri birbaşa təsir edir. Dənizə daxil olan suyun böyük hissəsi Volqa çayının hesabına formalaşır. Son dövrlərdə Volqada su axınının zəifləməsi Xəzərdə suyun azalmasına səbəb olan əsas amillərdən biri kimi göstərilir. Mütəxəssislər bildirirlər ki, tarix boyu dənizin səviyyəsində həm enmə, həm də artım dövrləri olub. Belə ki, ötən əsrin ortalarında uzunmüddətli azalma qeydə alınsa da, sonradan müəyyən artım müşahidə edilib. Tarixi müşahidələr göstərir ki, 1930-1977-ci illərdə dəniz səviyyəsində uzunmüddətli azalma baş verib və göstərici -29 metrə qədər enib. 1978-1995-ci illərdə isə səviyyədə yenidən artım qeydə alınıb. Ancaq 1995-ci ildən etibarən Xəzərdə suyun azalması prosesi yenidən davam edir”.
Müsahib Xəzərin səviyyəsinin azalmasını sirkulasiya tipləri ilə sıx əlaqədar olduğunu qeyd edib:
“Xəzər dənizinin səviyyəsinin azalması əsasən atmosfer sirkulyasiyası ilə bağlıdır. Son illərdə Atlantikdən gələn qərb hava kütlələrinin təsiri zəifləyib və onların yerini şimal-cənub istiqamətli meridional axınlar alıb. Bu isə Volqa hövzəsində yağıntıların azalmasına səbəb olub və nəticədə Xəzərin səviyyəsi enir.Alimlərin proqnozuna görə, bu enmə prosesi təxminən 20-25 il davam edə bilər. 2050-ci ildən sonra isə qərb hava axınlarının güclənməsi ilə səviyyənin yenidən artması ehtimal olunur. Eyni zamanda, Xəzərin səviyyə dəyişmələri təkcə iqlimlə deyil, günəş fəallığı və tektonik proseslərlə də əlaqələndirilir”.
Zəri Bayramlı