00:00:00
Yazar
Zəri Bayramlı
15.04.2026 21:46 102 2 dəq oxuma
Sosial

Onlayn tələlər: İnsan alverinin yeni üzü

Onlayn tələlər: İnsan alverinin yeni üzü

Son illərdə hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar bir daha sübut edir ki, insan alveri artıq yalnız fiziki məkanlarla məhdudlaşmır. Bu cinayət növü daha sistemli xarakter alıb və texnoloji müstəviyə keçib. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.

 

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, son dövrdə internet üzərindən insanların aldadılaraq çirkin məqsədlərlə istifadə olunması halları daha da artır:

 

"Bunlardan biri də insan alveri və onun qurbanları ilə bağlıdır. Belə ki, internet üzərindən saxta iş elanları, müxtəlif səyahətlər adı ilə çoxsaylı elanlar və şirnikləndirici vədlər verməklə insanları tora salan cinayətkar şəbəkələr və onları idarə edənlərin bəzi hallarda kimliyini dəqiqləşdirmək də mümkün olmur. Belə olan halda cinayətkarların məsuliyyətə cəlb edilməsi müəyyən çətinliklər yaradır. İnsan alveri anlayışı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1-ci maddəsində açıq şəkildə göstərilmişdir. Belə ki, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir”.

 

 

Hüquqşünas istismar olunanın razılıq verdiyi məsələlərin əslində niyyəti pərədələmək məqsədi daşıdığını vurğulayıb:

 

“Maddədən də göründüyü kimi burada qurbanın istismar olunmağa razılığı mövcud olmur. Razılıq verdiyi məsələlər əslində niyyəti pərədələmək məqsədi daşıyır. Yəni, şəxs işləməyə və hər hansı başqa işi görməyə razılıq verir, lakin sonradan pasportu əlindən alınıb, şantaja, hədə qorxuya məruz qalır deyə qarşı tərəfin çirkin niyyəti ilə razılaşmağa məcbur olur. Belə hallar isə vətəndaşın istismara razı olması kimi qəbul edilə bilməz”.

 

“Günümüzdə cinayətkar şəbəkələr bir çox vasitələrlə, o cümlədən texnoloji yeniliklərdən istifadə etməklə öz niyyətlərini həyata keçirirlər. Buna görə də insanlar mümkün qədər diqqətli olmalı, mənbəyi olmayan iş və digər elanlara, şirnikləndirici vədlərə aldanmamalı, qarşılarına çıxan hər bir elanı ən xırda detalına qədər araşdırmalı, şübhələndikləri məqamlar ortaya çıxdığı halda isə dərhal aidiyyəti qurumlara müraciət etməlidirlər " , - deyə Elnur Məmmədov fikirlərini yekunlaşdırıb.

 

Zəri Bayramlı

#i̇nsan #azərbaycan #yeni #xəbər #tələlər:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər