OPEC+ dekabrda hasilat kvotalarını artırmağı planlaşdırır
Dünyanın ən böyük neft istehsalçıları alyansı olan OPEC+ ölkələri dekabr ayında hasilat kvotalarını bu qədər artırmaq barədə razılığa gəlməyi planlaşdırır.
Bu mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a bildirib ki,OPEC+ ölkələri dekabr ayında gündəlik neft hasilatını təxminən 137 min barel artırmağı planlaşdırır:
“Bu artım noyabr ayına nisbətən nəzərdə tutulur. Qeyd edək ki, əvvəlki aylarda-oktyabr və sentyabrda da hasilat eyni templə artırılıb. Beləliklə, alyans qlobal bazarda neft təklifini tədricən, yəni mərhələli şəkildə artırmaqla qiymətlərin sabitliyini qorumağa çalışır. Məqsəd birdən-birə təklifi çoxaldaraq bazarda artıq neft bolluğu yaratmamaqdır. Bu cür ehtiyatlı artım həm tələbə uyğunlaşmaq, həm də qiymətlərin kəskin enməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Artımın həcmi kiçik olduğuna görə dünya neft qiymətlərinə ciddi təsir göstərməyəcək. Yalnız cüzi şəkildə təklifin artması qiymətləri ya sabit saxlaya, ya da bir qədər aşağı sala bilər. Yəni bu qərar daha çox qiymət artımının qarşısını almağa yönəlib. Orta müddətdə bu prosesin təsiri 2026-cı ilin əvvəlində özünü daha aydın göstərə bilər. Lakin bu, həm də geosiyasi hadisələrin inkişafı və dünya bazarındakı tələbin dəyişməsi ilə bağlı olacaq. Əgər gələcəkdə tələbat artarsa, OPEC+ hasilatı bir qədər də artıracaq, əks halda isə azaltmaq qərarına gələ bilər. Təşkilatın əsas məqsədi bazarda sabitliyi qorumaq və qiymət volatilliyini (dalğalanmanı) minimuma endirməkdir. Geosiyasi risklər bu mərhələdə ikinci dərəcəli faktor kimi qiymətləndirilir. OPEC+ əvvəlki illərdə hasilatı azaldaraq bazarı sabitləşdirməyə çalışmışdı. İndi isə tələbin artdığını nəzərə alaraq, həmin azaldılmış hasilatı tədricən bərpa edir. Qərarlar üzv ölkələrin razılaşması əsasında, yəni kollektiv şəkildə qəbul olunur. Hazırda məqsəd-qiymətləri sabit saxlamaq, tələb artımına çevik reaksiya vermək və ilin sonuna qədər hasilat artımını dayandırmaqdır. Beləliklə, 2026-cı ilin birinci rübündə OPEC+ hasilatı artırmadan bazardakı tarazlığı qorumağı planlaşdırır”.
Cavahir Əsgərbəyli
