00:00:00
Yazar
Admin User
02.02.2026 15:29 106 2 dəq oxuma
İqtisadiyyat

OPEC+ martda neft hasilatını artırmamaq qərarını qüvvədə saxlayıb

OPEC+ martda neft hasilatını artırmamaq qərarını qüvvədə saxlayıb

OPEC+” ölkələri mart ayında neft hasilatını artırmamaq qərarını qüvvədə saxlayıb. Səkkiz aparıcı iştirakçı ölkə hasilat kvotalarını 2025-ci ilin dekabr səviyyəsində qorumaq barədə razılığa gəlib.

 

Bu barədə OPEC-in rəsmi saytında yayımlanan bəyanatda bildirilib. Qərara əsasən, gündəlik 1,65 milyon barel həcmində könüllü azaldılan hasilat bazardakı vəziyyətdən asılı olaraq mərhələli şəkildə geri qaytarıla bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, mart ayında “OPEC +” ölkələrin neft hasilatını artırmamaq və mövcud kvotaları qorumaq qərarı qlobal neft bazarında sabitliyin saxlanmasına yönələn addım kimi qiymətləndirilə bilər:

 

"Qısamüddətli perspektivdə bu qərar neft qiymətlərinin kəskin enməsinin qarşısını almağa xidmət edir. Hazırda bazarda tələbat artımı zəifdir və təklifin artırılması qiymətlərdə enişə səbəb ola bilər. Bu baxımdan, hasilatın artırılmaması qiymətlərin nisbətən mövcud səviyyədə qalmasına dəstək verir.

 

Orta müddətli dövrdə isə qərarın təsiri daha çox qlobal iqtisadi dinamika və enerji tələbatı ilə bağlı olacaq. Qarşıda yaz–yay mövsümünün gəlməsi ilə neftə olan tələbatın nisbətən azalacağı gözlənilir. Bu mövsümi faktor “OPEC+” üçün əlavə risk yaradır və təşkilatı ehtiyatlı siyasət aparmağa vadar edir. Məhz bu səbəbdən indiki mərhələdə hasilatın artırılmaması “OPEC+” üçün daha məqsədəuyğun hesab olunur və bazarda tarazlığın qorunmasına xidmət edir.

 

Gündəlik 1,65 milyon barel həcmində könüllü azaldılmış hasilatın bazara geri qaytarılması isə yalnız müəyyən şərtlər daxilində mümkün görünür. İlk növbədə qlobal neftə tələbatda davamlı artım müşahidə olunmalı, qiymətlər “OPEC+” ölkələrini qane edən səviyyədə sabitləşməlidir. Eyni zamanda, ABŞ və digər qeyri-OPEC istehsalçılarının hasilat artımı bazarda əlavə təklif riski yaratmamalıdır. Əks halda, bu həcmlərin bazara çıxarılması qiymətlərin enməsinə səbəb ola bilər ki, bu da təşkilatın maraqlarına uyğun deyil.

 

Bu qərarın neft ixracatçısı olan ölkələrin büdcə gəlirlərinə təsiri əsasən müsbət qiymətləndirilə bilər. Hasilatın məhdudlaşdırılması fonunda qiymətlərin müəyyən səviyyədə saxlanılması neftdən asılı büdcələr üçün daha proqnozlaşdırıla bilən gəlir mühiti yaradır. Region ölkələri, o cümlədən Azərbaycan kimi neft ixracatçıları üçün bu, büdcə planlamasında risklərin azalması deməkdir. Qiymətlərin kəskin ucuzlaşmasının qarşısının alınması dövlət gəlirlərinin və fiskal sabitliyin qorunmasına xidmət edir.

 

Ümumilikdə, “OPEC+”ın mart ayı üzrə hasilatı artırmamaq qərarı həm mövsümi tələbat azalması, həm də qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda bazarı nəzarətdə saxlamaq və neft qiymətlərində sabitliyi qorumaq məqsədi daşıyan strateji addım kimi dəyərləndirilə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər