"OpenAI" şirkəti "ChatGPT Images" təsvir yaratma modelini təqdim edib
Amerikanın "OpenAI" şirkəti süni intellekt texnologiyalarının köməyi ilə təsvirlər yaratmaq üçün "ChatGPT Images" modelini istifadəyə verib.
Bu barədə şirkətin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Yeni flaqman təsvir yaratma modelimizə əsaslanan "ChatGPT Images"i təqdim edirik", - deyə məlumatda qeyd olunub.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında marketoloq, süni intellekt alətləri üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, yeni model təkcə vizual keyfiyyətə deyil, konteksti anlamağa fokuslanır:
“İstifadəçinin verdiyi mətni daha dəqiq şərh edir. Detalları ardıcıl saxlayır. Stil davamlılığı əvvəlki modellərlə müqayisədə daha güclüdür. Mətnlə işləmə qabiliyyəti yüksəlib, təsvir üzərində yazılar daha oxunaqlı görünür. Ən önəmlisi isə dialoq içində redaktə imkanıdır, yəni təsviri sıfırdan yox, mərhələli şəkildə inkişaf etdirmək olur. Bu tip modellər real sənətçilərin üslubuna çox yaxın nəticələr yarada bilir. Bu hal müəllif hüquqlarının pozulması riskini artırır. Xüsusilə icazəsiz stil təqlidi problemli mövzudur. Digər risk dezinformasiya ilə bağlıdır. Real görünüşlü saxta təsvirlər ictimai rəyə təsir göstərə bilər. Etik baxımdan şəffaflıq əsas məsələdir. İstifadəçi bilməlidir ki, gördüyü vizual insan tərəfindən yox, model tərəfindən yaradılıb. Süni intellekt insan yaradıcılığını əvəz edə bilməyəcək, bu texnologiyalar yaradıcılığı sürətləndirir. İdeyanı test etməyi asanlaşdırır. Texniki baryerləri aradan qaldırır. Praktikada AI daha çox “yaradıcı köməkçi” rolunu alır. Güclü nəticə isə insan düşüncəsi ilə alətin birlikdə işlədiyi nöqtədə yaranır”.
Səadət Əlizadə
