00:00:00
Yazar
Güllər Gülhüseynova
06.03.2026 21:26 105 3 dəq oxuma
Siyasət

Ordumuz hazır olmalıdır- Prezident

Ordumuz hazır olmalıdır- Prezident

“Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər”.

 

Bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.

 

Mövzu ilə bağlı politoloq Elşad Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, ölkəmiz öz ərazi bütövlüyünü qorumaq üçün döyüşə hazırdır:

 

“Dünən İran tərəfindən Azərbaycan ərazisinə, o cümlədən Naxçıvandakı mülki obyektlərə xüsusi dronlarla hücum olub. Biri məktəb yaxınlığına, digəri isə Naxçıvan hava limanına düşüb və nəticədə dörd nəfər xəsarət alıb. Bununla bağlı Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasını çağırıb. Azərbaycan ordusuna, sərhəd qoşunlarına və dövlətin digər xüsusi təyinatlı qüvvələrinə bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsini tapşırıb.
Bu o deməkdir ki, müstəqil Azərbaycan Respublikası öz ərazi bütövlüyünü qorumaq üçün döyüşə hazırdır. Əgər qonşu İranın hücumları təkrarlanarsa, Azərbaycanın cavab vermək hüququ var. Dünənki hücum tam araşdırılmalıdır. İndi İranın Xarici İşlər Naziri və müavini bildirirlər ki, bu dronlar İran tərəfindən atılmayıb, bu bir səhvdir. Lakin bunu araşdırıb tam ortaya çıxarmalıdırlar ki, bu doğrudan da hansısa başıpozuq qüvvələr tərəfindən İran ərazisindən Azərbaycana atılıb.Bu dron İran dronudur. İsraildən və ya Amerikadan atılmayıb. Dron İran ərazisindən, məhz 200 kilometr məsafəni uça biləcək bir texnikadır və Naxçıvanla qonşu olan İran tərəfindən atılıb, biri isə sərhəd qoşunlarımız tərəfindən vurulub. Bu nöqteyi-nəzərdən məsələyə tam aydınlıq gətirilməlidir”.

 

Ekspert qeyd edib ki, hadisələr davam edərsə, Azərbaycan özünü müdafiə hüququndan istifadə edərək dərhal cavab verəcək:

 

“Azərbaycan ordusunun bir nömrəli döyüş hazırlığına gəlməsinin səbəbi budur ki, əgər bu hadisələr davam edərsə, Azərbaycan özünü müdafiə etmək hüququnu saxlayır və anındaca cavab verəcək.Azərbaycan vəziyyəti gərginləşdirməmək üçün öz humanist mesajlarını verib. Prezident bildirib ki, biz İrana öz qonşuluq münasibətimizi və insanlığımızı göstəririk. Belə ki, Azərbaycan Prezidenti İranın ali dini rəhbəri Xameneinin və hərbi rəhbərliyinin həlak olması ilə bağlı başsağlığı verib, eyni zamanda İranın Bakıdakı səfirliyinə gedərək xatirə kitabında başsağlığını qeyd edib. Onlara əyani olaraq dəstək göstərilib. Belə bir vaxtda İranın bizə dron atması heç bir sağlam məntiqə sığmır. Ona görə də, Azərbaycan Prezidenti ordusuna öz ərazi bütövlüyünü və müstəqilliyini qorumaq üçün müvafiq göstərişlərini verib.Hesab edirəm ki, Azərbaycan İranla həmişə xoş qonşuluq münasibəti saxlayıb. Eyni zamanda ABŞ və İsraillə də münasibətlərimiz normaldır. İndi İranla İsrail-ABŞ birliyi arasında ikinci dəfədir müharibə gedir və Azərbaycan həmişə neytral mövqeyini qoruyub saxlayıb. Ən önəmli məsələ odur ki, Azərbaycan öz ərazisindən ikinci bir ölkənin istifadə etməsinə qətiyyən icazə verməyib. Bizim ərazimizdə nə ABŞ-nin, nə də İsrailin təyyarələri, raketləri və dronları yerləşməyib, buna icazə də verilməyib. Çünki Azərbaycan müstəqil ölkədir və heç bir dövlətin plasdarmına çevrilən deyil. Bu baxımdan, Azərbaycana olunan bu gərəksiz hücum İranın necə bir ölkə olduğunun göstəricisidir”.

 

 

Lalə Qurbanlı

#prezident #gündəm #baki #hazır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər