Orta Dəhliz iqtisadi aktivliyi artıra bilər
Azərbaycan və Çin Orta Dəhliz (Middle Corridor) layihəsi çərçivəsində investisiya imkanlarını müzakirə ediblər. Görüşdə nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, təkcə Orta Dəhliz deyil, bütün nəqliyyat dəhlizləri ölkə iqtisadiyyatına müsbət təsir göstərir:
“Belə layihələr ölkədə iqtisadi aktivliyi artırır, yeni iş yerlərinin açılmasına və tranzit gəlirlərinin formalaşmasına şərait yaradır. Nəqliyyat dəhlizləri həm də yerli şirkətlərin idxal və ixrac əməliyyatlarını daha əlverişli edir və ölkənin regiondakı siyasi-strateji əhəmiyyətini artırır. Azərbaycanla Çin arasında ticarət əlaqələri kifayət qədər genişdir və Orta Dəhliz əsasən Çindən gələn yüklərin Azərbaycan üzərindən daşınmasını təmin edən alternativ marşrutlardan biridir. Hazırda regionda baş verən proseslər fonunda alternativ nəqliyyat yollarının əhəmiyyəti daha da artır. Məsələn, İran üzərindən keçən bəzi marşrutlarda problemlər yarandığı üçün Orta Dəhlizin daha aktiv istifadəsi gündəmə gələ bilər. Bununla belə, ekspert hesab edir ki, əsas məsələlərdən biri daşınma xərcləridir. Bəzi hallarda quru dəmir yolu ilə yük daşımaları digər marşrutlarla müqayisədə daha bahalı başa gəlir və bu da şirkətlərin seçimlərinə təsir edir. Ticarətin inkişafı üçün əsas amillərdən biri nəqliyyat və logistika imkanlarının mövcudluğudur. Yollar və dəhlizlər olmadan malların hərəkəti mümkün deyil. Bu baxımdan Orta Dəhliz kimi layihələr regionda ticarətin genişlənməsinə və iqtisadi əlaqələrin güclənməsinə mühüm təsir göstərə bilər”.
Ayşə Müzəfərli