00:00:00
Yazar
Zəhra Həsənova
21.07.2026 20:24 43 2 dəq oxuma
İqtisadiyyat

“Orta dəhlizdə əsas məsələ sürətin artırılmasıdır” - İqtisadçı

“Orta dəhlizdə əsas məsələ sürətin artırılmasıdır” - İqtisadçı

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımalarında rəqəmsal icazə sisteminə keçidə başlayıb. Yeni sistem daşıyıcılar arasında icazələrin elektron qaydada verilməsi və mübadiləsini təmin edərək sənəd dövriyyəsini sadələşdirəcək, məlumat mübadiləsini sürətləndirəcək və kağız sənədlərə ehtiyacı minimuma endirəcək. Razılaşmaya əsasən, 2026-cı ildə 1000 elektron icazənin mübadiləsi həyata keçiriləcək, 2027-ci ildən isə sistemin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformatir.az”a açıqlamasında bildirib ki, yeni yanaşma logistikanın maya dəyərinə müsbət təsir göstərə və daşımaların sürətini artıra bilər:

 

“Burada əsas məsələ sürətdir. Mən bunu belə başa düşürəm. Xərclər yəqin ki, elə eyni qalacaq, amma sürət artacaq. Əgər sərhəddə və gömrükdə gözləmə müddəti azalırsa, bu, dolayısı ilə maya dəyərinə də təsir edir. Çünki malı daşıyana, sürücüyə daha az ödəniş ediləcək. Bu da, əlbəttə ki, Azərbaycanın tranzit potensialının güclənməsinə müsbət töhfə verəcək. Eyni zamanda, daşıyıcı şirkətlərə də tələbat artacaq. Mən burada xüsusi olaraq qeyd etmək istəyirəm ki, Orta dəhlizin digər dəhlizlərlə müqayisədə mənfi cəhəti sürətin aşağı olmasıdır. Digər dəhlizlər - Cənub və Şimal dəhlizləri düz marşrut üzrə hərəkət edir. Bizdə isə Xəzər dənizi amili var. Yüklər dənizlə daşındığı üçün onsuz da sürət nisbətən zəifdir. Bunun üzərinə gömrük rəsmiləşdirilməsi zamanı yaranan gecikmələr də əlavə olunur. Kağız daşıyıcılar üzərində yoxlamalar aparıldığı üçün proses uzanır. Əgər bütün bunlar əvvəlcədən elektron qaydada həyata keçirilsə, maşınlar sərhəddən daha sürətli keçəcək. Bu, çox vacib məsələdir”.

 

Fatimə Hüseynli

#i̇qtisadçı #əsas #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər