00:00:00
Yazar
Admin User
24.09.2025 17:40 214 3 dəq oxuma
İqtisadiyyat

“Orta Dəhliz həm enerji, həm də konteyner yük axınları üzrə çoxfunksiyalı tranzit qovşağına çevrilə bilər”

“Orta Dəhliz həm enerji, həm də konteyner yük axınları üzrə çoxfunksiyalı tranzit qovşağına çevrilə bilər”

Orta dəhliz layihəsi ilə bağlı işlərimizi davam etdiririk. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə həmçinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya ticarətinə töhfə verir.

 

Mövzu ilə bağlı Coğrafiya üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Famil Niftiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhliz layihəsi regional ticarət və nəqliyyat əlaqələrinə birbaşa olaraq tranzit imkanlarını artırmaqla təsir göstərir:

 

“Son illərdə bu marşrut üzrə yükləmələr əhəmiyyətli artım nümayiş etdirib. İllik tranzit həcmində milyonlarla ton səviyyəsində artımlar və konteyner daşınmalarında yüz minlərlə TEU səviyyəsində artımlar müşahidə olunub. Marşrutun cəlbediciliyinin yüksəlməsi logistika operatorları və dəniz limanları üçün əlavə investisiya siqnalı yaradır. Nəticədə rels və yol infrastrukturuna, terminal tutumuna və sərhəd prosedurlarının sadələşdirilməsinə sərmayələr tələb olunur. Ölkələr arasında çatdırılma vaxtları və xərclərinin azalması ticarətçilər üçün rəqabət üstünlüyü deməkdir. Eyni zamanda, infrastruktur boşluqları və sərhəd koordinasiyasının zəifliyi dar boğazlara çevrilə bilər və bu risklərin idarə edilməsi vacib olacaq. Bakı–Tbilisi–Ceyhan kəmərinin dünya ticarətinə verdiyi töhfə əsasən üç istiqamətdədir: enerji axınlarının təhlükəsizliyinin təmin olunması, tədarük marşrutlarının diversifikasiyası və regionun tranzit gəlirlərinin artması. BTC kəməri uzun müddətdir ki, böyük həcmdə neftin dünya bazarlarına daşınmasında istifadə olunur və bunun nəticəsində regionun enerji ixracına stabil çıxışı təmin edilir. Kəmərin mövcudluğu enerji istehsalçılarına Avropa və dünya bazarlarına alternativ çıxış kanalı verir və bu da geopolitik risklər zamanı tədarük zəncirlərinin davamlılığı üçün əhəmiyyətlidir. Eyni zamanda, kəmərdən əldə olunan tranzit gəlirləri marşruta daxil olan ölkələrin büdcə gəlirlərini və regional iqtisadi fəaliyyətləri dəstəkləyir”.

 

Ekspert qeyd edib ki, Orta Dəhliz layihəsi Azərbaycan, Türkiyə və digər iştirakçı ölkələr üçün bir sıra iqtisadi üstünlüklər yaradır:

 

“Birincisi, tranzit gəlirləri artacaq daha çox yük, daha çox terminal, xidmət fəaliyyəti, bununla bağlı əmək bazarında artım və vergi gəlirləri deməkdir. İkincisi, nəqliyyat zəncirinin qısalması və alternativ marşrutların inkişafı nəticəsində ticarət xərcləri, çatdırılma müddəti azalacaq. Praktik təcrübədə bu, Çindən Avropaya bəzi hallarda minlərlə kilometrə qənaət və vaxt baxımından sərfiyyat gətirə bilər. Üçüncüsü, tranzit şəbəkəsinin inkişafı yerli emal və logistika xidmətlərinin genişlənməsini stimullaşdırır yəni yalnız keçid gəlirləri deyil, həm də əlavə dəyər zənciri (anbarçılıq, qablaşdırma, emal, servis xidmətləri) formalaşa bilər. Lakin bu faydaların tam realizə olunması üçün sərhəd prosedurlarının harmonizasiyası, investisiya şəraitinin yaxşılaşdırılması və infrastruktur modernizasiyası lazımdır. Layihənin inkişafı regionu qlobal enerji və logistika xəritəsində daha strateji mövqeyə gətirə bilər. Orta Dəhliz həm enerji (neft və potensial olaraq qaz tranziti), həm də konteyner yük axınları üzrə çoxfunksiyalı tranzit qovşağına çevrilə bilər. Qlobal tədarük zəncirlərinin şaxələndirilməsi siyasəti fonunda belə bir marşrut Avropa üçün alternativ çıxışlar, Asiya üçün isə Avropaya daha qısa və rəqabətli marşrutlar təqdim edə bilər. Bu, həm geosiyasi əhəmiyyət, həm də iqtisadi cəhətdən regiona əlavə dəyər gətirir. Eyni zamanda, koridorun qlobal miqyasda davamlı rolunu oynaya bilməsi üçün illik konteyner həcmlərinin yüz minliklərdən milyonluq səviyyələrə yüksəlməsi və dəniz-liman infrastrukturlarına əhəmiyyətli investisiyalar tələb olunur. Yəni qısa müddətli artımı uzunmüddətli dayanıqlığa çevirmək üçün planlı, koordinasiyalı siyasət və maliyyələşmə lazımdır. Nəticə etibarilə, Orta Dəhliz layihəsi region üçün həm iqtisadi, həm geosiyasi faydalar yarada biləcək güclü potensiala malikdir. Tranzit gəlirlərinin artması, ticarət xərclərinin və çatdırılma vaxtının azalması, yerli dəyər zəncirinin genişlənməsi və qlobal logistika xəritəsində daha strateji mövqedə olmasıdır. Lakin bu potensialın gerçəkləşməsi sərhəd prosedurlarının asanlaşdırılması, infrastruktur investisiyaları və region ölkələri arasında koordinasiyanın gücləndirilməsi ilə birbaşa bağlıdır”.



Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər