00:00:00
Yazar
Admin User
15.12.2025 19:47 120 4 dəq oxuma
Sosial

Orta məktəblərdə süni intellektin tədrisinə başlanılır ?

Orta məktəblərdə süni intellektin tədrisinə başlanılır ?

Süni intellektin həyatın bütün sahələrinə sürətlə nüfuz etdiyi bir dövrdə təhsil sisteminin bu dəyişikliklərə uyğunlaşması artıq seçim deyil, zərurətə çevrilib. Təhsil eksperti Elçin Əfəndinin orta məktəblərdə süni intellektin ayrıca fənn kimi tədris olunması ilə bağlı irəli sürdüyü təklif də məhz bu çağırışlardan qaynaqlanır. Onun fikrincə, süni intellektin erkən yaşlardan öyrədilməsi şagirdlərin analitik və yaradıcı düşünmə bacarıqlarının formalaşmasına, gələcəyin peşələrinə daha hazırlıqlı kadrların yetişdirilməsinə və ölkənin innovativ inkişafına mühüm töhfə verə bilər. Bu baxımdan sözügedən təşəbbüs cəmiyyətin və təhsil ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

 

Mövzu ilə bağlı. "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu "İnformatora.az"a açıqlamasında bildirib ki, qaldırılan bu məsələ son dərəcə aktualdır və müasir təhsilin əsas mövzularından biri kimi qiymətləndirilə bilər:

 

"Bir tərəfdən, süni intellektin tədrisi şagirdlərdə alqoritmik düşüncə, problem həll etmə, məlumatla işləmə və etik yanaşma kimi vacib bacarıqların formalaşmasına imkan yaradır. Bu gün artıq bir çox peşələrdə süni intellektlə işləmək baza bacarığı hesab olunur və məktəb şagirdləri real həyata, gələcək əmək bazarına hazırlamalıdır. Xüsusilə, mühəndislik, iqtisadiyyat və hətta humanitar sahələrdə süni intellekt bacarıqları gələcəyin əsas tələblərindən birinə çevrilir. Digər tərəfdən, bu təşəbbüsün uğurlu olması üçün bir sıra mühüm şərtlər var. Ən vacib məsələlərdən biri yaşa uyğun məzmunun düzgün müəyyənləşdirilməsidir. Süni intellekt anlayışları ibtidai siniflərdə sadə və oyun əsaslı formada, yuxarı siniflərdə isə daha dərin və praktik yanaşma ilə tədris olunmalıdır. İkinci əsas məsələ müəllim faktorudur. Mövcud müəllimlərin bu sahə üzrə yenidən hazırlanması və ya ixtisaslaşmış kadrların cəlb edilməsi vacibdir. Müəllim hazır deyilsə, fənnin ayrıca tədrisi də real nəticə verməyəcək. Üçüncü mühüm məqam etik və təhlükəsizlik məsələləridir. Şagirdlərə yalnız texniki biliklər deyil, eyni zamanda süni intellektin etik tərəfləri, məlumat təhlükəsizliyi və insan faktorunun rolu da aşılanmalıdır. Dördüncü məsələ fənlərarası inteqrasiyadır. Süni intellekt riyaziyyat, informatika, fizika, hətta dil və sosial elmlərlə əlaqəli şəkildə tədris olunduqda daha effektiv nəticə verir. Bu baxımdan, həmkarım Elçin Əfəndinin irəli sürdüyü təşəbbüs təkcə yeni bir fənnin əlavə edilməsi deyil, təhsilin gələcəyə uyğunlaşdırılması baxımından strateji addım kimi qiymətləndirilməlidir. Əgər bu proses mərhələli şəkildə və pilot layihələr əsasında həyata keçirilərsə, Azərbaycan təhsili regionda bu sahədə qabaqcıl mövqeyə yüksələ bilər. Bu səbəbdən “süni intellekt tədris olunmalıdırmı?” sualından daha çox “necə və nə zaman tədris olunmalıdır?” sualı gündəmə gətirilməlidir".

 

Süni intellektin məktəbdə fənn kimi tədrisinin zəruriliyini şərtləndirilməsindən danışan ekspert bildirib ki, əsas amillərdən biri əmək bazarının sürətlə dəyişməsidir: 

 

"Bir çox ənənəvi peşələr tədricən sıradan çıxır, əvəzində data analitikası, avtomatlaşdırma və süni intellektlə bağlı yeni peşələr formalaşır. Orta məktəb bu dəyişikliklərə uyğun olaraq şagirdləri gələcəyin əmək bazarına hazırlamalıdır. İkinci mühüm amil rəqəmsal savadlılığın yeni mərhələsidir. Artıq təkcə kompüterdən istifadə bacarığı kifayət etmir. Şagirdlər alqoritmlərin necə işlədiyini, süni intellektin qərar mexanizmlərini və gündəlik həyata təsirini anlamalıdırlar. Bu, süni intellekt savadlılığının əsas bacarıqlardan birinə çevrilməsinə şərait yaradır. Üçüncü amil analitik və tənqidi düşüncənin inkişafıdır. Süni intellektin tədrisi şagirdlərdə məntiqi düşünmə, problem həll etmə, səbəb-nəticə əlaqələrini qurma və məlumatları tətbiq etmə bacarıqlarını gücləndirir. Bu bacarıqlar bütün fənlər və ümumilikdə həyat üçün universal əhəmiyyət daşıyır. Dördüncü amil yaradıcı potensialın üzə çıxarılmasıdır. Süni intellekt təkcə texniki sahə deyil, eyni zamanda yaradıcı imkanlar açır. Şagirdlər süni intellektdən istifadə edərək dizayn, musiqi, mətn və layihələr hazırlaya, innovativ düşünmə bacarıqlarını inkişaf etdirə bilərlər. Beşinci məsələ texnologiyanın passiv deyil, şüurlu istifadəçisinin yetişdirilməsidir. Uşaqlar bu gün süni intellektdən geniş istifadə edirlər, lakin çox vaxt onun necə işlədiyini və hansı risklər daşıdığını bilmirlər. Məktəbdə texnologiyadan məsuliyyətli və təhlükəsiz istifadə vərdişləri formalaşdırılmalıdır. Altıncı amil etik və sosial çağırışlardır. Məxfilik, məlumat təhlükəsizliyi, alqoritmik qərəz və insan rolunun azalması kimi məsələlər gələcək cəmiyyət üçün ciddi mövzulardır. Bu anlayışların erkən yaşlardan izah edilməsi və müzakirə olunması son dərəcə vacibdir. Yeddinci amil beynəlxalq təhsil trendləridir. Bir çox ölkələrdə süni intellekt və proqramlaşdırma məktəb proqramlarına daxil edilib. Azərbaycan təhsilinin qlobal trendlərdən geri qalmaması üçün bu istiqamətdə addımlar atılmalıdır. Ümumilikdə, süni intellektin orta məktəblərdə fənn kimi tədrisi texnoloji dəb deyil, şagirdlərin gələcək həyat və peşə seçimlərinə hazırlıq baxımından strateji ehtiyacdır. Bu təşəbbüs təhsil sistemini daha çevik, innovativ və gələcəyə yönümlü edir".

 

Şagirdlərin yaş mərhələlərindən də danışan Rizvan Fikrətoğlu bildirib ki, süni intellektin tədrisi birdən-birə ağır məzmunla deyil, mərhələli şəkildə aparılmalıdır:

 

"İbtidai siniflərdə əsas məqsəd tanışlıq və maraq yaratmaq olmalıdır. Bu mərhələdə süni intellekt sadə, oyun əsaslı formada, nağıl, video və gündəlik nümunələr üzərində izah edilməlidir. Məqsəd qorxu yaratmaq yox, maraq oyatmaqdır. Orta siniflərdə əsas anlayışlar və praktik tətbiqlər öyrədilməlidir. Bu mərhələdə alqoritmik düşüncə, sadə proqramlaşdırma məntiqi, süni intellektin real həyatda istifadəsi və məlumatla işləməyin əsasları tədris oluna bilər. Yuxarı siniflərdə isə süni intellekt daha dərin və praktik məzmunda öyrədilməlidir. Buraya maşın öyrənməsinin əsas prinsipləri, etik və hüquqi aspektlər, layihə əsaslı tapşırıqlar və gələcək peşə yönümü daxildir. Beləliklə, süni intellektin tədrisi ibtidai siniflərdə konseptual tanışlıqla başlamalı, orta siniflərdə sistemli öyrənmə, yuxarı siniflərdə isə ixtisaslaşma və dərinləşmə xətti ilə davam etdirilməlidir. Bu yanaşma həm şagirdlərin psixoloji inkişafına uyğundur, həm də real nəticə vermə potensialına malikdir".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər