Parisdə Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna prezidentlik prioritetləri müzakirə olunub
Parisdə Beynəlxalq Nəqliyyat Forumu (BNF) çərçivəsində Yol Nəqliyyatı Qrupunun iclası keçirilib. Tədbirdə ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri təmsil ediblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycan nəqliyyat infrastrukturunu müasirləşdirir və regional tranzit mövqeyini gücləndirir:
"Azərbaycanın əsas istiqamətlərindən biri ölkənin regional tranzit mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsidir. Digər mühüm istiqamət isə regionallaşma və ağıllı nəqliyyat sistemlərinin tətbiqidir.
Son illər ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr xüsusi diqqətə layiqdir. Yol təhlükəsizliyi məsələsi prioritet istiqamətlərdən biridir. Bununla yanaşı, şəhər mobilliyi və transformasiya layihələrinin icrası da əsas hədəflər sırasındadır.
Azərbaycan artıq regional tranzit ölkə kimi tanınır və bu mövqeni beynəlxalq maliyyə institutları və qurumlar qəbul edir. Bu baxımdan texniki ekspertiza, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə iştirak, tranzit daşımalarının genişləndirilməsi və infrastrukturun maliyyələşdirilməsi əsas fəaliyyət istiqamətləri kimi çıxış edir.
Xüsusilə, 2025-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində yol təhlükəsizliyi və infrastrukturun inkişafı sahəsində mühüm işlər həyata keçirilir. Bu beşillik proqram çərçivəsində yeni yolların tikintisi və yenidən qurulması, elektron nəzarət sistemlərinin tətbiqi, ağıllı kameraların quraşdırılması, şəhər nəqliyyatının optimallaşdırılması, parklanma sistemlərinin yenidən təşkili və innovativ texnoloji həllərin tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, elektrikli və alternativ yanacaqlı nəqliyyat vasitələrinin tətbiqi, inteqrasiya olunmuş idarəetmə sistemləri və “ağıllı şəhər” modeli müasir trendlər sırasındadır. Artıq ictimai nəqliyyatda atmosferə zərərli qazlar buraxmayan, xüsusilə elektriklə işləyən avtobusların istifadəsi genişlənir və bu sahədə yerli istehsal prosesinin sürətlənməsi müşahidə olunur.
Bütün bu istiqamətlərdə əsas mövzu beynəlxalq və regional əməkdaşlıq, eləcə də təcrübə mübadiləsidir. Bu sahədə əməkdaşlıq gələcək inkişaf üçün əsas trendlərdən biri hesab olunur".
Arzu Poladova
