00:00:00
Yazar
Lalə Qafarova
19.02.2026 20:29 11 2 dəq oxuma
Sosial

AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb

AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanma ilə bağlı vətəndaşlara tövsiyələr verib. Agentlik bildirib ki, bu dövrdə əsas diqqət su balansının qorunmasına, imsakın düzgün təşkilinə və iftar zamanı tələsmədən qidalanmağa yönəldilməlidir. Mütəxəssislər xüsusilə çox yağlı və ağır yeməklərdən uzaq durmağı, qidalanmanı mərhələli şəkildə həyata keçirməyi məsləhət görürlər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, oruc bütün dinlərdə mövcuddur:

 

“Əslində insanın mütəmadi olaraq oruc tutması məqsədəuyğundur. Yəni orqanizmi müəyyən bir ekstremal vəziyyətə salmaq, şlakları bədəndən çıxarmaq, depolardakı piyləri azaltmaq və s. üçün bu faydalı ola bilər. Təsadüfi deyil ki, müharibədən sonra aclıq illərindən keçən insanlar daha uzunömürlü olublar. Amma bir məqam var ki, bizdə oruc necə tutulur? Mən, təbii ki, din mütəxəssisi deyiləm və dinin bu barədə nə nəzərdə tutduğunu yəqin ki, ilahiyyatçılar daha yaxşı bilərlər”.

 

O həmçinin vurğulayıb ki, Ramazan ayı müddətində tutulan orucun vaxtını insanlar konkret bir qəlibə salıblar:

 

“Yəni deyirlər ki, tüpürcəyi udmaq olmaz, filan şeyi etmək olmaz və s. Əslində oruc ruhsal bir durumdur. Bu, insanın öz nəfsinə nəzarət mexanizmidir. Buraya həm qida, həm özünüqoruma instinkti, həm şəhvət instinkti, həm də söz-söhbət və dedi-qodu daxildir. İnsan bu dövrdə bütün naqis keyfiyyətlərdən uzaq durmalıdır. Məsələ bundan ibarətdir. Ona görə də oruc çox ciddi bir aydır, ciddi bir sınaqdır. Bu, təkcə qidalanma ilə bağlı deyil. Qidalanma məsələsinə gəldikdə isə, mən mövcud yanaşmanı düzgün hesab etmirəm. Yəni gün ərzində ac qalıb, sonra isə iftarda intensiv şəkildə yeməyə başlamaq düzgün deyil. Bu da müəyyən qaydada tənzimlənməlidir, bir sistemə salınmalıdır. Təəssüf ki, insanlar çox vaxt bu qaydalara riayət etmirlər və nəticədə gözlənilən faydanı tam hiss edə bilmirlər. Oruc zamanı yaxşı olar ki, iftardan sonra yüngül yeməklərə üstünlük verilsin. Bu yeməklər orqanizmi müəyyən qədər dəstəkləmək üçündür ki, insan orqanizmi qida çatışmazlığı dövrünə uyğunlaşsın. Orqanizm səfərbər olunsun, depolanmış maddələrdən istifadə edilsin. Mən bunu belə görürəm. Bunun üçün də alimlər düşünməlidirlər. Bəlkə də bu barədə artıq düşünülüb. Amma hələlik dini camiədə müəyyən qəlibləşmiş ayinlər var ki, onları dəyişmək asan deyil. Təəssüf ki, bu məsələlər müqavimətlə qarşılanır. Yaxşı olar ki, bununla bağlı qərarı din alimləri versinlər”.

 

Reyhan Quliyeva

#məlumat #qidalanmaqla #ayında #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər