Ortaq türk əlifbasında ilk poeziya antologiyası nəşr olunub
Azərbaycanda ortaq türk əlifbası ilə hazırlanan ilk poeziya antologiyası-“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” nəşr edilib. Kitabda türk xalqlarına məxsus şeirlər əvvəl orijinal dillərində, daha sonra isə ortaq türk əlifbasına uyğunlaşdırılmış formada təqdim olunub. Bu yanaşma oxuculara müxtəlif türk dillərini müqayisəli şəkildə izləmək imkanı yaradır.
Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “İnformator.az”a açıqlamasında bildirib ki, əgər 1926-cı ildə Bakıda bir ideya doğulubsa, bu gün həmin ideya kitab şəklində yenidən canlanır:
“AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu vasitəçiliyi ilə hazırlanmış və “Elm” nəşriyyatında çap olunmuş bu antologiya sadəcə ədəbi toplu deyil, əlifba üzərindən qurulan mədəni körpüdür. Tarix göstərir ki, ortaq dil və ortaq yazı mədəni inteqrasiyanın əsas sütunlarından biridir. 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq əlifba və ortaq elmi platforma yaratmaq cəhdinin zirvəsi idi. Bu gün isə həmin ideya yeni mərhələyə qədəm qoyur. Ortaq əlifbada təqdim olunan poeziya türk xalqları arasında qarşılıqlı oxunaqlılığı artırır, ədəbi irsin birbaşa mənimsənilməsinə imkan yaradır, gənc nəslin ortaq mədəni kodlarla yetişməsinə xidmət edir və tərcümə baryerini qismən aradan qaldıraraq emosional yaxınlaşmanı sürətləndirir. Ədəbiyyat, xüsusilə poeziya, diplomatik sənədlərdən daha sürətli təsir göstərir. Şeir birbaşa qəlbə müraciət edir. Bu baxımdan antologiya türk xalqları arasında mədəni ünsiyyətin sürətini və dərinliyini artıran strateji addım kimi qiymətləndirilə bilər”.
Müsahib bildirib ki, layihə konseptual mədəni təşəbbüs təsiri bağışlayır və əsas məqsəd sadəcə şeirlərin toplanması deyil, ortaq mədəni şüurun sistemləşdirilməsidir:
“Ortaq əlifba ortaq yaddaşın texniki bazasıdır, poeziya isə ortaq ruhun estetik ifadəsidir. Məsələn, Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə”si, Abdulla Aripovun “Azərbaycan”ı, Mustay Kərimin “Xuş Kildeqez”i eyni kitabda ortaq əlifba ilə yan-yana təqdim olunursa, bu, poetik həmrəylikdən daha çox mədəni birlik manifestidir. Belə layihələr əlifba tarixinin yaratdığı psixoloji məsafəni azaldır, türk xalqlarının bir-birini “tərcümə olunmuş mətn” kimi deyil, “öz səsi” kimi qəbul etməsinə imkan yaradır və vahid sivilizasiya şüurunun formalaşmasına töhfə verir. Bu, türk kimliyinin siyasi şüardan mədəni sistemə çevrilməsi istiqamətində atılmış real addımdır”.
Əkbər Qoşalı antologiyanın mədəni diplomatiya baxımından əhəmiyyətinə də toxunub:
“Mədəni diplomatiya səssiz, lakin davamlı təsir mexanizmidir. Dövlətlər sərhədlərlə ayrılır, mədəniyyətlərlə birləşir, mədəniyyətlər isə əlifba ilə nəfəs alır. Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı Sərəncamı əsasında başlanan bu nəşr prosesi göstərir ki, məsələ təkcə elmi yubiley deyil, strateji mədəni istiqamətdir. Antologiya ortaq əlifbanın praktik tətbiq nümunəsini yaradır, akademik müzakirəni real nəşr modelinə çevirir, türk dövlətləri arasında ədəbi diplomatiyanın institusional formasını təqdim edir və mədəni inteqrasiyaya zəmin yaradır. Əgər iqtisadi əməkdaşlıq razılaşmalarla qurulursa, mədəni birlik əlifba və yaradıcılıq aktları ilə qurulur. Ümid edirəm ki, bu kitab həmin poetik anlaşmanın ilk cildi olacaq”.
Beləliklə, “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası ortaq əlifbanın praktik manifesti, türkoloji ideyanın 100 illik yolunun yeni mərhələsi və vahid türk mədəni məkanının konseptual xəritəsini ortaya qoymaq cəhdi kimi dəyərləndirilir.
Aydan Əsgərxanlı
