Oxu aksiyaları niyə effekt vermir? Şərh
Son illərdə ölkəmizdə oxu vərdişini təşviq etmək üçün müxtəlif kampaniyalar, festivallar və aksiyalar həyata keçirilir. Lakin ekspertlər və ictimaiyyət hesab edir ki, bu təşəbbüslərin əksəriyyəti gözləntiləri qarşılamır və gənclərin kitab oxuma vərdişinə ciddi təsir göstərmir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında yazıçı və jurnalist Ayxan Ayvaz bildirib ki, bu problemin əsas kökü dövlətin oxu siyasətindən qaynaqlanır:
“Bu təhsil sistemindən başlamalıdır. Bizim təhsildə ən aşağı siniflərdən uşaqları mütləq şəkildə kitabla, kitab oxumaq sevgisi ilə böyütmək lazımdır. Əgər bu yoxdursa, uşaqlar növbəti addımda kitab oxumaqdan imtina edəcək. Məsələn, sərgilər keçirilir. Bu təkcə Bakı ətrafında olmamalıdır. Bu bütün ölkə üzrə getməlidir. Rayonlarda elə insanlar var ki, onlar bəlkə də həyatlarında kitab üzü görməyiblər. İnsanlar daim kitab üzü ilə,kitabla əlaqədə olmalıdır. Yerli yaradıcılara dəstək olmalıdır. Ümumiyyətlə, dövlət kitaba dəstək verməlidir. Çap olunan hər yeni kitabdan 2,3 nüsxə məktəb kitabxanalarına verilməlidir. Bu şəkildə yazıçılarla ünsiyyət saxlanılmalıdır. Yazıçılığın və kitab yazmağın əslində çox yaxşı bir şey olduğunu göstərmək lazımdır. Uşaqlar, gənclər kitabdan qorxurlar. Amma kitabın daha yaxşı olduğunu və onun heçdə qorxulu olmadığını göstərmək lazımdır”.
Banuçiçək Məmmədova
