00:00:00
Yazar
Admin User
16.12.2025 16:30 106 2 dəq oxuma
Sosial

Öz adına kredit götürüb başqasına vermək ciddi riskdir

Öz adına kredit götürüb başqasına vermək ciddi riskdir

 

“Son dövrlərdə vətəndaşlar arasında başqasının xahişi ilə öz adına bank krediti götürmək halları artır. İlk baxışda sadə bir kömək kimi görünən bu addım, sonradan ciddi maliyyə və hüquqi problemlərə, hətta məhkəmə riskinə səbəb ola bilər".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında vəkil Əkrəm Həsənov bildirib ki, şəxs bankdan, bank olmayan kredit təşkilatından və ya lombarddan kredit götürürsə, həmin vəsait artıq onun sərəncamındadır:

 

"O pulu istədiyi kimi istifadə edə bilər. O cümlədən başqa şəxsə borc kimi verə bilər. Faktiki olaraq bir şəxs digərinə deyə bilər ki, get kredit götür və pulu mənə ver. Bu halda baş verən odur ki, bankdan və ya digər kredit qurumundan kredit götürən şəxs həmin qurum qarşısında tam məsuliyyət daşıyır. Krediti ondan alan şəxs isə pulu aldığı adama qarşı məsuliyyət daşıyır. Lakin kredit götürən şəxs sonradan banka müraciət edib deyə bilməz ki, mən bu pulu başqasına vermişəm, gedin ondan tələb edin. Bu mümkün deyil. Çünki kredit rəsmiləşdirilərkən ödəniş qabiliyyəti qiymətləndirilən və məsuliyyəti üzərinə götürən məhz həmin şəxsdir. Digər şəxsin maliyyə imkanları bank üçün əsas deyil və buna istinad edilə bilməz. Kredit ödənişi həyata keçirilmədikdə bank borcu kredit götürən şəxsdən tələb edir. Həmin şəxs isə öz növbəsində pulu verdiyi adama müraciət edə bilər. Amma bu münasibət bankla olan öhdəliyə heç bir təsir göstərmir və göstərə də bilməz. Əks halda sağlam məntiq pozular. Ödəniş qabiliyyəti olan hər kəs kredit götürər, sonra deyər ki, pulu ödəniş qabiliyyəti olmayan başqa şəxsə vermişəm, gedin ondan alın. Belə yanaşma olsa, ciddi sui-istifadə halları ortaya çıxar. Bu vəziyyət mahiyyət etibarilə zaminlik məsələsinə bənzəyir. Başqa bir şəxs kredit götürür və siz ona zamin durursunuzsa, sabah həmin şəxsin ödəniş imkanı olmadıqda bank borcu sizdən tələb edir. Eyni prinsip burada da keçərlidir. Bu səbəbdən vətəndaşlara tövsiyə olunur ki, kiminsə xahişi ilə kredit götürməsinlər və ya kiminsə kreditinə görə məsuliyyət altına girməsinlər. Elə hallarla rastlaşmışam ki, sonradan bu, insan üçün ciddi problemlər yaradır. İnsan deyir ki, niyə borcu məndən tələb etdilər. Bu məsələ əvvəlcədən düşünülməli idi. Heç kəs başqası üçün elə bir məsuliyyət altına girməməlidir ki, sabah borc tələb olunduqda maddi və mənəvi zərər görsün".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər