Öz canı bahasına yoldaşını qoruyan mayor
Cəbhə xəttində erməni təxribatının qarşısı alınarkən Azərbaycan ordusundan şəhid olanlardan biri də Mayor Elnur Əliyevdir.
İnformator.az xəbər verir ki, işğal altında olan Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə mayor Əliyev misilsiz qəhrəmanlıq göstərib. Şiddətli döyüş zamanı o, özünü düşmən qumbarasının üstünə ataraq bədəni ilə yoldaşlarını ölümdən qoruyub. Aldığı çoxsaylı qəlpə yarasından şəhid olan Elnur Əliyev doğulduğu Füzuli rayonunda torpağa tapşırılıb. Onun dəfnində hərbiçilərlə yanaşı rayon rəhbərliyi də iştirak edib.
Mayor Elnur Əliyev ailəlidir. 2 oğul övladı var. Böyük oğlu Elvin Əlizadənin 8, balaca Elcan Əlizadənin isə 6 yaşı var (şəkildəki böyük oğlu Elvin Əlizadədir).
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Mayor Elnur Əliyevin 39 yaşı var idi. O, Cəmşid Naxçıvanski adına hərbi liseyin yetirməsidir.
