Özünü müqayisə sindromu
Müasir dövrdə insanlar sosial şəbəkələr və cəmiyyətin gözləntiləri səbəbindən tez-tez özlərini başqaları ilə müqayisə edirlər. Bu “özünü müqayisə sindromu” insanın daxili rahatlığını pozur, özünəinamı azaldır və xoşbəxtliyinə mənfi təsir göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Günel Əkbərova bildirib ki, ümumiyyətlə, müasir dövrdə bu problem çox geniş yayılıb:
"Hətta deyərdim ki, on nəfərdən səkkizində bu hal müşahidə olunur. Mənim fikrimcə, bunun ən əsas səbəblərindən biri XXI əsrdə sosial medianın həyatımıza bu qədər geniş şəkildə daxil olmasıdır. Çünki biz daim başqalarının həyatına baxırıq və aydındır ki, insanlar sosial şəbəkələrdə həyatlarının mənfi, kədərli tərəflərini paylaşmırlar. İnsanların təxminən doxsan faizi ancaq ən gözəl anlarını – səyahətlərini, əyləncələrini, lüks məqamlarını paylaşır. Evdə oturan bir insan isə buna baxanda belə düşünə bilir: hamı yaşayır, ancaq mən qalmışam; hamı tətilə gedir, bircə mən yox. Bu isə özünü dəyərsiz hiss etməyə, geri qaldığını düşünməyə gətirib çıxarır. Mənim pasiyentlərim arasında da ən çox rast gəldiyim hal budur. Məsələn, 25 yaşı var, amma düşünür ki, həyatda heç nə bacarmayıb, artıq gecdir, heç nəyə nail ola bilməyəcək. Halbuki 25 yaş hələ gəncliyin lap başlanğıcıdır. Biz həmişə deyirik ki, bu yaş gəncliyin beşinci yaşıdır. Amma müqayisələr insanlarda “gecikmişəm” hissini artırır.Sosial media birinci səbəbdir. İkinci əsas səbəb isə uşaqlıqdan gəlir. Valideynlərin uşaqları daim başqaları ilə müqayisə etməsi gələcəkdə bu sindromu gücləndirə bilir.Bəs bu problem xoşbəxtliyə təsir edirmi? Əlbəttə, çox güclü təsir göstərir. Çünki insan daim özünü başqaları ilə müqayisə etdikdə, hətta xoş anlarında belə həmin anın dadını çıxara bilmir. Məsələn, biri xoşbəxt anını yaşayarkən belə, dərhal başqası ilə özünü müqayisə edir: “filankəs indi səyahətdədir, filankəs daha yaxşı yaşayır”. Bu isə insanı davamlı rəqabət hissinə salır və nəticədə belə insanlar heç vaxt tam xoşbəxt olduqlarını hiss etmirlər.Başqa bir səbəb də özgüvənin aşağı olmasıdır. Özgüvənsiz insanlar daha çox özünü başqaları ilə müqayisə edir. Əgər insanın öz dəyər hissi aşağıdırsa, o zaman düşünür ki, hamı məndən daha yaxşı yaşayır, mən isə geri qalmışam".
Həmçinin psixoloq bu vəziyyətdən çıxmağın yollarını da qeyd edib:
"Mən bunu iki istiqamətə bölürəm. Birincisi, insan öz üzərində işləyə bilər. Əgər bacarmırsa, mütləq psixoloji dəstək almalıdır. Öz üzərində işləməyin yolları hansılardır? Birincisi, nəfəs texnikaları, meditasiya, özünü qəbul etmək, özünü bağışlamaq. Yəni fərqinə varmaq ki, bu mənim həyatım və onu gözəlləşdirmək də öz əlimdədir. Digər vacib addım isə sosial mediadan müəyyən dövr üçün uzaqlaşmaqdır. Çünki bu halda insan öz həyatının müsbət tərəflərini görə bilmir. Bundan başqa, insan kiçik nailiyyətlərinə görə özünü mükafatlandıra bilər –məsələn, özünə balaca bir hədiyyə almaq, bir fincan kofe içmək. Hər gün “şükür gündəliyi” aparmaq da çox faydalıdır: hər gün ən azı beş dənə minnətdar olduğu şeyi yazmaq. Amma əgər insan artıq tamamilə bu vəziyyətin içindədir, xoş anlarından belə zövq ala bilmir, daimi əsəb və paxıllıq hissinə qapılırsa, o zaman mütləq psixoloqa müraciət etməlidir. Çünki burada artıq dərin terapiya tələb olunur. Məsələn, CBT və ya EMDR kimi psixoloji terapiyalarla bu problemi daha dərindən işləmək mümkündür".
Qəmər Kazımzadə
