"Özbəkistanın dəstəyi strateji tərəfdaşlığı gücləndirir" - ŞƏRH
Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə real təkan verə bilər:
“Çünki belə məqamlarda verilən dəstək adi diplomatik nəzakət yox, siyasi etimad göstəricisi sayılır. Şavkat Mirziyoyevin hücumu qətiyyətlə pisləməsi, Özbəkistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulaması onu göstərir ki, Daşkənd Bakı ilə münasibətləri yalnız iqtisadi və nəqliyyat əməkdaşlığı müstəvisində görmür. Həm də təhlükəsizlik və siyasi həmrəylik səviyyəsinə qaldırır. Bu isə iki ölkə arasında artıq formalaşmış müttəfiqlik ruhunu daha da gücləndirə bilər. Yəni bundan sonra münasibətlər təkcə ortaq layihələr, Orta Dəhliz, enerji və logistika ilə deyil. Böhran anlarında bir-birinə açıq siyasi dayaq vermək modeli ilə də dərinləşə bilər. Belə dəstək xüsusən türk dünyasında qarşılıqlı etimad kapitalını artırır. Gələcəkdə Azərbaycan-Özbəkistan xəttində daha sıx koordinasiya üçün əlavə zəmin yaradır. Türk Dövlətləri Təşkilatı çərçivəsində isə bu cür hadisələrə qarşı ortaq mövqenin formalaşması tam mümkündür, hətta mövcud şərait bunu daha da aktuallaşdırır. Çünki təşkilat uzun müddətdir yalnız mədəni və tarixi yaxınlıq platforması olmaqdan çıxıb. Siyasi koordinasiya və geostrateji həmrəylik mexanizminə çevrilmək istiqamətində irəliləyir. Əgər üzv ölkələrdən birinin mülki infrastrukturuna xarici hücum baş verirsə və digər türk dövlətləri bunu açıq şəkildə pisləyirsə, bu artıq gələcəkdə ortaq bəyanat, ortaq diplomatik reaksiya, hətta təhlükəsizlik məsələlərində daha sıx məsləhətləşmə mexanizmləri üçün əsas yaradır. Tam hərbi blok modeli yaxın perspektivdə görünməsə də, siyasi həmrəylik, koordinasiyalı bəyanatlar və böhran anlarında vahid mövqe sərgilənməsi baxımından Türk Dövlətləri Təşkilatı daha təsirli platformaya çevrilə bilər. Mirziyoyevin zəngi də bu baxımdan təkcə ikitərəfli jest deyil. Türk dünyasında kollektiv siyasi davranışın güclənməsinin bir işarəsi kimi oxuna bilər”.
Nuray Əliyeva