00:00:00
Yazar
Zəhra Həsənova
20.04.2026 20:18 60 2 dəq oxuma
Sosial

Özünü və ya ailəsini qorumaq üçün qanunu pozmaq hüquqi baxımdan nə dərəcədə əsaslıdır?

Özünü və ya ailəsini qorumaq üçün qanunu pozmaq hüquqi baxımdan nə dərəcədə əsaslıdır?

Özünü və ya ailə üzvlərini qorumaq məqsədilə qanunu pozan şəxslərlə bağlı hüquqi yanaşma cəmiyyətdə müzakirə mövzusu olaraq qalır. Mütəxəssislər bildirirlər ki, belə hallarda əsas meyar “zəruri müdafiə” prinsipi və təhlükənin real olub-olmamasıdır. Qanunvericiliyə görə, əgər şəxsin hərəkəti birbaşa təhlükənin qarşısını almağa yönəlib və həddi aşmırsa, bu, məsuliyyətdən azad edilməyə əsas verə bilər. Əks halda isə, müdafiə adı altında törədilən hüquq pozuntuları cinayət kimi qiymətləndirilir. 


Mövzu ilə bağlı hüquqşünas Fariz Namazov “İnformator.az”a açıqlamasında bildirib ki, qanunvericilikdə hüquq pozuntusuna görə məsuliyyəti aradan qaldıran əsaslar sırasında son zərurət və zəruri müdafiə halları xüsusi yer tutur:

 

“Son zərurət və ya zəruri müdafiə anında törədilən hüquq pozuntusu əməlin ictimai təhlükəliliyinə görə inzibati və ya cinayət məsuliyyətindən şəxsin azad edilməsini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə əsasən, son zərurət vəziyyətində - şəxsin özünün və ya başqasının həyatını, sağlamlığını və hüquqlarını, eləcə də dövlət və cəmiyyət mənafelərini təhdid edən təhlükəni aradan qaldırmaq üçün edilən hərəkət, əgər başqa vasitə yoxdursa və hədd aşılmayıbsa, inzibati xəta sayılmır. Zəruri müdafiə vəziyyətində də, qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd hücumun qarşısı alınarkən, əgər müdafiə həddi aşılmayıbsa, bu əməl inzibati xəta hesab olunmur”.

 

Cinayət qanunvericiliyi baxımından da eyni prinsipin tətbiq edildiyini deyən Fariz Namazov vurğulayıb ki, son zərurət şəraitində törədilən hərəkət, əgər təhlükəni başqa üsulla aradan qaldırmaq mümkün deyildirsə və hədd aşılmayıbsa, cinayət sayılmır:

 

“Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə açıq-aşkar uyğun olmayan zərər vurulması, eləcə də vurulan zərərin qarşısı alınan zərərə bərabər və ya ondan artıq olması son zərurət həddinin aşılması hesab edilir. Belə hallarda məsuliyyət yalnız qəsdən zərər vurulduqda yarana bilər. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Zəruri müdafiə yalnız müəyyən şərtlər daxilində qanuni sayılır: hücum real və təhlükə yaradırsa, müdafiə yalnız onu dayandırmağa yönəlibsə və tətbiq olunan vasitələr həddindən artıq deyilsə. Əgər müdafiə edən şəxs hücumun səviyyəsindən daha ağır zərər vurarsa və ya təhlükə aradan qalxdıqdan sonra zor tətbiq edərsə, bu, zəruri müdafiə həddinin aşılması kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər”.


Fatimə Hüseynli

#pozmaq #xəbər #qorumaq #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər