“Pakistan xarici işlər nazirinin Vaşinqtona səfərində əsas müzakirə İranla bağlı məsələ olacaq”- ŞƏRH
Pakistanın xarici işlər naziri İshaq Dar Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Pakistan xarici işlər nazirinin Vaşinqtona səfəri gözlənilən idi:
“Pakistan İran və Amerika arasında aparılan danışıqlarda vasitəçi rolunu oynayır və bu istiqamətdə artıq iki aya yaxındır ciddi fəaliyyət göstərir.Nəzərə alsaq ki, bir neçə gün öncə Pakistanın xarici işlər naziri Pekində olub və burada Çin xarici işlər naziri ilə görüş keçirib, həmin görüşdə müzakirə olunan əsas mövzulardan biri də İran-Amerika münaqişəsinin həlli idi. Artıq yayılan məlumatlar göstərir ki, bu vasitəçilik müəyyən nəticələr verməyə başlayıb və bir çox istiqamətlər üzrə tərəflər ortaq məxrəcə gəlməyə çox yaxındırlar.Bununla yanaşı, prosesdə gözlənilməz və proqnozlaşdırılmayan hadisələr də baş verə bilər. Necə ki, son günlər tərəflərin ara-sıra bir-birinin mövqelərinə zərbələr endirdiyinin şahidi oluruq. Lakin ümumi mənzərəyə baxdıqda, danışıqlar prosesi davam edir və bu prosesin uzanmasında, eləcə də davamlılığının təmin olunmasında Pakistanın səyləri kifayət qədər effektiv olub. Pakistan xarici işlər nazirinin Vaşinqtona səfərində əsas müzakirə mövzusu İranla bağlı məsələ olacaq. Görünən odur ki, Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda müəyyən nəticələr əldə olunub. Bu nəticələrin Amerika tərəfinə təqdim ediləcəyi və Vaşinqtonun da təkliflərə müsbət yanaşacağı ehtimal olunur. Belə olan halda, yekun razılaşma məhdud səviyyədə olsa belə, əldə edilə bilər. Yəni, bu səfər müəyyən nəticələrə gətirib çıxara bilər”.
Nurgün Qənizadə