“Paris Notr-Dama ithaf” növbəti dəfə səhnədə
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu gün repertuarında maraqla gözlənilən “Paris Notr-Dama ithaf” tamaşasını yenidən təqdim edəcək.
Səhnə əsəri dünyaşöhrətli fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam” romanının motivləri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa bəşəriyyətin nadir memarlıq incilərindən sayılan və Avropanın rəmzlərindən biri olan Notre-Dame Katedralində 15 aprel 2019-cu ildə baş vermiş yanğın hadisəsinə ithaf olunub. Quruluşda məşhur bəstəkar Rikardo Koççantenin müəllifi olduğu “Notre-Dame de Paris” müziklına görə Ginnesin Rekordlar Kitabına düşmüş musiqilərdən, həmçinin klassik musiqinin görkəmli nümayəndələri, Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize və Samuel Barberin əsərlərindən istifadə olunur.
