"Paşinyan hakimiyyətinin Rusiya və Qərb arasında balans siyasəti yürütməsi asan olmayacaq" - Politoloq
Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri müzakirə ediblər. Paşinyanın Vladimir Putinlə deyil, Mişustinlə görüşməsi Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti barədə suallar doğurur.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya Ermənistanla münasibətlərin normallaşdırılmasına Kremlin qoyduğu şərtlər reallaşmayacağı təqdirdə maraqlı deyil. Daha çox Ermənistana təzyiq mövqeyindən çıxış etmək niyyətindədir:
"Seçkilərdən sonra Rusiyanın Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına alan açıqlamaları Kremlin indiki mövqeyini ifadə edir, bu faktor üzərindən rəsmi İrəvana təzyiq göstərməyə çalışır. Prezident Putinin baş nazir Paşinyanla görüşməyə də həvəsli olmaması rəsmi İrəvana müəyyən mesaj xarakteri daşıyır. Hələlik Paşinyana Rusiyanın baş naziri ilə görüşməyə imkan yaradılır. Bu görüşdə Paşinyana Rusiyanın şərtləri növbəti dəfə xatırladılacaq. Kremlin əsas tələblərindən biri ondan ibarətdir ki, Ermənistan geopolitik seçimini ən qısa zamanda etməlidir. Rusiyanın yanında qalmalıdır, Qərbə yaxınlaşma istiqamətində irəliyəcəksə, o zaman həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi İttifaqından çıxmalıdır".
Müsahib, həmçinin qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin normallaşdırılması Paşinyan hakimiyyətinin verəcəyi siyasi qərarlardan asılıdır:
"Rusiya konkret tələblər irəli sürür və bu tələblərin qəbul olunması üçün də radikal təzyiqlər göstərir. Paşinyan hakimiyyətinin bu təzyiqlərə nə qədər tab gətirəcəyi isə məlum deyil. Paşinyan hakimiyyətinin bundan sonra Rusiya və Qərb arasında balans siyasəti yürütməsi o qədər də asan olmayacaq. Geopolitik seçim Rusiyanın xeyrinə olarsa, münasibətlər normallaşacaq. Əvəzində isə Ermənistanın Qərblə problemləri yaranmağa başlayacaq və nəticədə, Paşinyan hakimiyyətinin illər ərzində Qərbə yaxınlaşma siyasəti üzərində qurduğu strategiya iflasa uğramış olacaq. Əgər Paşinyan hakimiyyətinin geopolitik seçimi Qərbə yönəlik olacaqsa o zaman Rusiyanın indiki iqtisadi təzyiqləri daha amansız xarakter daşıyacaq və Rusiya Ermənistanla bağlı ən radikal addımları
atmağa çalışacaq. Ermənistan iqtisadiyyatının çökdürülməsinə yönəlik addımların atıla biləcəyi qətiyyən istisna deyil. Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi İttifaqından qovulma ehtimalı tamamilə realdır. Bu ilin sonuna qədər Ermənistana vaxt verilib, əgər rəsmi İrəvan indiki siyasətini davam etdirərsə, ilin sonuna doğru Ermənistan hər iki təşkilatdan qovula bilər. Paşinyan hakimiyyətini olduqca taleyüklü qərar vermək mərhələsi gözləyir və bu mərhələ həm Paşinyan hakimiyyətinin, həm də Ermənistanın gələcək taleyini böyük ölçüdə həll edə bilər".
Zəhra Həsənova