Paytaxtın təxminən 60 faizi işıqsız qalıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun son dövrlərdə həyata keçirdiyi hava hücumları səbəbindən paytaxt Kiyevdə təxminən 4 min ev istiliksiz qalıb və şəhərin demək olar ki, 60 faizi elektrik enerjisindən məhrumdur.
Zelenski sosial media hesabında paylaşdığı açıqlamada son dövrlərdə Rusiya tərəfindən həyata keçirilən hava hücumları nəticəsində ölkəsində yaranan enerji problemlərini dəyərləndirib.
O bildirib ki, su, elektrik və istiliklə bağlı problemlərin aradan qaldırılması üçün hökumət rəsmiləri ilə müzakirələr aparıb. Zelenskinin sözlərinə görə, ən ağır vəziyyət Kiyev, Xarkov, Sumı, Çerniqov və Dnepropetrovsk vilayətlərində müşahidə olunur.
Kiyevdə işlərin daha effektiv aparılmasının vacibliyinə diqqət çəkən Zelenski qeyd edib:
“Bu səhər etibarilə Kiyevdə təxminən 4 min evdə hələ də istilik yoxdur. Paytaxtın demək olar ki, 60 faizi elektriksizdir. Şəhər rəhbərliyindən (bələdiyyədən) daxil olan hesabatlara görə, aidiyyəti qruplar kifayətdir, lakin zamana ehtiyac var. Mən bu qiymətləndirmə ilə razı deyiləm-əlavə tədbirlərə və əlavə resurslara ehtiyac var”.
Zelenski həmçinin mülki əhali üçün yaradılan istilik məntəqələri və isti yeməklərin hazırlandığı sahələrlə bağlı Daxili İşlər Nazirliyindən məlumat aldığını, problemlərin həlli üçün müttəfiq ölkələrlə də danışıqları davam etdirdiklərini vurğulayıb.
TRT XƏBƏR
Lalə Qurbanlı
