Pendle bölgəsində qorxunc varlıq var
Pendle bölgəsi 1612-ci ildə cadugərlikdə ittiham olunan 12 nəfərin məhkəməsindən bəri ruhların dolaşdığı yer kimi tanınır. İngiltərənin Lankaşir bölgəsində yerləşən Pendle Hill haqqında yerli əfsanələrə görə, buraya gələn insanlar səbəbsiz qorxu, panika və qəzəb hiss edə bilərlər. Təpəni tez-tez bürüyən sıx duman isə ərazinin sirli və ürküdücü ab-havasını daha da artırır.
İngiltərənin ən qaranlıq cadugərlik məhkəmələrindən biri
XVII əsrin əvvəllərində İngiltərədə cadugərlik ağır cinayət hesab edilirdi. Kral I Ceymsin 1604-cü ildə qəbul edilən qanunu ruhları çağırmaq və sehr etmək kimi əməllərə görə belə ölüm cəzası nəzərdə tuturdu. Yaşlı, yoxsul və xalq təbabəti ilə məşğul olan insanlar xüsusilə ittiham olunmaq riski ilə üzləşirdilər. Burada cadugərliklə bağlı hadisələr 1612-ci ilin martında xalq təbabəti ilə məşğul olan Alizon Devaysin Con Lou adlı səyyar satıcı ilə qarşılaşmasından sonra başladı. Qısa müddət sonra yerə yıxılan Louya zərər verməkdə Devays, onun nənəsi Elizabet Sauterns, Enn Uitl və Uitlın qızı Enn ittiham olundular. Devaysin evində keçirilən toplantı yeni həbslərə səbəb oldu.
Doqquz yaşlı Cenit Devays məhkəmədə əsas şahidlərdən biri oldu. Onun ifadələri anasının, qardaşının, bacısının və nənəsinin məhkum edilməsində mühüm rol oynadı. Nəticədə, 12 təqsirləndirilən şəxsdən doqquzu günahkar hesab edilərək asıldı. Yalnız Elis Qrey bəraət aldı. Cenit Preston isə Yorkşirdə edam edildi. Cadugərlik qorxusu bir neçə onillik davam etdi və 1736-cı ildə İngiltərədə cadugərlik cinayət hesab edilməkdən çıxarıldı. Pendle Hill məhkəmə prosesi İngiltərə tarixinin ən məşhur məhkəmə işlərindən biri olaraq qalır. Tarixçi Stiven Oldfild bildirir ki, ərazinin rütubətli və tutqun mənzərəsi onun haqqında qorxulu əfsanələrin yaranmasına şərait yaradıb:
“Pendle Hilldə həmişə qəribə bir ab-hava və qorxunc varlıq hissi olub. Bura Qərbi Lankaşirlə müqayisədə sanki başqa bir ölkədir”.
Bəzi yerli quyuların üzərində cadugərlikdən qorunmaq üçün həkk edilmiş işarələr hələ də qalır. 2012-ci ildə məhkəmə proseslərinin 400-cü ildönümü münasibətilə Pendle Cadugər Yolu və Lankaşir Cadugərlərinin Yürüşü marşrutları hazırlanıb. Bu yollar ittiham olunan şəxslərin Lankaster qalasına aparılarkən keçdikləri güman edilən marşrutları izləməyə imkan verir.
Cadugərlərin izi ilə
Burada bəzi evlərdə cadugərlikdən ilhamlanan sənət əsərləri nümayiş etdirilir. Digər evlərin qapılarında isə ənənəvi inanclara görə insanları pis qüvvələrdən qoruyan nallar və müqəddəs ağaclar var. Qaranlıq keçmişinə baxmayaraq, Pendle Hill ətrafındakı ərazi bu gün də İngiltərənin gözəl təbiət mənzərələri ilə seçilən bölgələrindən biridir.
Güllüzar Nəbili